Nağıllar, hekayələr

"Ən xoşbəxt quş"

Biri var idi, biri yox idi, dünyada çox-çox quşlar var idi. Onlar hamısı bir adadda yaşayardılar. Quşları yaradan başçı quş isə adanın başında, sıldırım qayanın başında tək qalardı. Quşlar onun yanına getməyə cürət eləməzdilər.


Başçı tək yaşar, yuxarıdan quşlara baxar, onun qaydalarına əməl eləməyən quşları cəzalandırardı. Quşların başqa heyvanlar kimi səsləri çıxmazdı. Onlar başlarının hərəkəti ilə bir-birlərini başa düşərdilər.


Bir dəfə dəniz tərəfdən qara, soyuq bir küləkli burulğan gəldi. Tufan burulğanının gəlməyini görən quşlar, gizlənib canlarını qurtardılar. Burulğanı görməyən saysız hesabsız quş isə məhv olub getdi.


Bunu görən quşların başçısı bütün quşları başına yığıb quşların başa düşdüyü dildə dedi:
-Mən sizi yaradanda sizə dil, səs, verməmişdim. Amma görürəm ki, fəlakət gələndə xəbər vermək üçün, yaşamağınız üçün bir-birinizlə danışmalısınız. Bu gündən belə mən sizə danışmaq qabiliyyəti verirəm. Hər biriniz xoşunuza gələn səsi seçin.


Quşlar bu xəbərdən sevindilər. Bütün quşlar, sərçələr, sağsağanlar, bayquşlar, kəkliklər, leyləklər, tovuz quşları, turaclar, bildirçinlər, durna quşları, dəvəquşular, ağacdələnlər, göyərçinlər, qarğalar, zağcalar, qazlar, ördəklər, hindquşları, bir sözlə quşların əksəriyyəti özlərinə səs seçdilər. Başçı bütün quşların səsinə bir-bir qulaq asdı. Axıra üç quş qalmışdı. Leylək, bülbül və tutuquşu. Onlar özlərinə səs seçə bilməmişdilər.


Başçı bunun səbəbini soruşanda leylək dedi:
-Mən nə danışmağı və nə də oxumağı xoşlamıram. Ona görə də mənə səs lazım deyil.
Başçı onunla razılaşıb bülbüldən soruşdu:
-Bəs sən niyə özünə səs seçməmisən?
Bülbül ağlayıb dedi:
-Bütün yaxşı səsləri seçdilər, mənə pisləri qaldı. Belə isə heç mən də danışmaq istəmirəm, mənə səs lazım deyil.
Başçı onun üstünə hirslənib dedi:
-Sən özünə o qədər vurğunsan ki, bu qədər səsin içərisindən özünə bir səs seçə bilmədin. Götür, mən sənə quşların içərisində ən gözəl səs verirəm. Ən gözəl səsin olsa, sonra peşimançılığını çəkməyəcəksən ki?
-Ən gözəl səsim olsa, mən dünyanın ən xoşbəxt quşu sayılaram. Peşiman niyə oluram ki?,-deyə quş sevincək cavab verdi.


Bülbülün cavabın eşidən kimi başçı, quşlardan ən gözəl səsi bülbülə verdi.
Özünə səs seçə bilməyən tutuquşu, bülbülə quşlardan ən gözəl səs verildiyini görüb, küsərək bir tərəfdə dayandı.
Başçı gördü ki, tutuquşu heç bir səsi bəyənmədən çəkilib qıraqda küsüb oturdu, onun könlünü almaq istədi:
-De görüm necə səs istəyirsən? Ürəyin hansı cür səs istəsə, mən onu sənə verməyə hazıram.
-Mənə heç fərli başlı səs qalıb ki, mən də onu götürüm?-deyə tutuquşu ağlaya-ağlaya cavab verdi.
Başçı tutuquşunun paxıllığına qəzəblənib dedi:
-İndi ki, sən bu qədər özünü hamıdan ağıllı hesab edirsən, onda mən sənə insan dili təklif edirəm. Sən insan dili danışmaqdan qorxmursansa, o dili götür. Amma bu başdan deyirəm, insan dili danışsan böyük fəlakətlərlə qarşılaşa bilərsən. Bunlara hazırsansa, get, insan dili ilə danış.
Tutuquşu sevindiyindən dili topuq vurdu:
-Ey başçı, mən quşların hamısından fərasətliyəm. Heç bir çətinlikdən qorxmuram. Mən insan dilini qəbul edirəm.
Tutuquşu həmin gündən insan kimi danışmağa başladı.


Elə o vaxtdan da insanlar quşların oxumaqlarından xoşları gəldiyinə görə həmişə onları tutub saxlar, nəğmələrinə bir müddət qulaq asandan sonra buraxardılar. Amma leylək nə qədər gözəl də olsa oxumadığına görə heç kəs onu tutub incitməzdi.


Bülbül isə həm gözəl olduğuna, həm də bütün quşlardan qəşəng oxuduğuna görə, onu həmişə tutub qəfəsə salırlar, camaat onu bir-birinə bəxşiş verir. Yazıq bülbülün həyatı demək olar ki, qəfəsdə keçir.


Tutuquşu da eynən bülbül kimi qəfəsdə olar. Amma onun həyatı bülbüldən fərqlənir. Birdən görürsən tutuquşu yersiz söz danışır, onu tutub döyürlər. Kimin isə sirrinin üstünü açır, onu qəfəsə salıb qaranlıq yerdə saxlayırlar. Çox danışanda isə aparıb qəddarcasına bazarda satırlar.
Ona görə də quşların ağıllısı leylək sayılır. O, həyatı boyu xoşbəxt yaşayır. Bülbül və tutuquşu kimi dilinin bəlasına düşüb ömrünü qəfəslərdə keçirmir. Mavi səmalarda pərvazlanıb uçan xoşbəxt leyləyə bütün quşlar həsədlə baxırlar.
Nağılımız da burada sona yetir. Mən sizə səmadakı azad quşlar kimi bəxtəvər olmaq arzulayıram. Onlar göydən bütün gözəllikləri görür, xoşbəxt yaşayırlar