Xəbərlər

Məktəblilər UNEC-in birgünlük tələbələri olublar

Bakı, 15 dekabr, AZƏRTAC

 

Nizami rayonundakı 229 nömrəli məktəbin şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgünlük tələbələri olublar. Onların istəyi “UNEC-də bir gün” layihəsi çərçivəsində reallaşıb.


UNEC-dən AZƏRTAC-a bildirilib ki, şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara ixtisaslar, təqaüd və mübadilə proqramları, beynəlxalq əlaqələr barədə məlumat verilib. Birgünlük tələbələr bank proqramları və elektron resurslarla təchiz edilən innovativ bankçılıq laboratoriyasında olublar. Onlara bildirilib ki, laboratoriyada bank əməliyyat proqramının “demo” versiyası üzərindən əməliyyatlar həyata keçirilir.


Radio UNEC-lə tanışlıqdan sonra məktəblilərə Yaradıcılıq Mərkəzi barədə məlumat verilib. Sonra onlar maliyyə və mühasibat fakültəsinin qonağı olublar.


İkinci ixtisas qrupu üzrə hazırlaşan məktəblilər “UNEC-də bir gün” layihəsinin onlara verdiyi imkanı yüksək qiymətləndiriblər.


“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud universitetin rəsmi “Facebook” səhifəsi ilə əlaqə saxlaya bilərlər.