Nağıllar, hekayələr

Nəsihət (“Mehman” povestindən, ixtisarla)

Dünyada xoşbəxt olmaq üçün yeganə yol təmiz vicdan sahibi olmaqdır. 
(Stiven Duqlas)

 


Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım  saçlarına qarışdı:


- Oğlum, - deyə müəllimin yaşaran gözləri doldu. - Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz on il əvvəl sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli  balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. - Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. - Mənim sənə analıq tövsiyəm vardır, - müəllim göy damarlı əlini qəti bir qərarla qaldırıb: - Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan, ol, daxilən pak-təmiz ol!.. Heç kəs bilməsə,tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman  bir balaca nöqtə qədər olsa belə, öz ürəyini ləkələmə! - Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: - Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!..


Sən bil ki, bu sözləri sənə anan deyir!.. Sən gəncsən, bizim dünyanın mənası məzmunlu, hikmətli və dərindir!..


- Anama qəti söz verirəm, - deyə Mehman öz qarasaçlı başını müəlliminin qarşısında ehtiramla əydi, - söz verirəm!..


- Bəli, oğlum, daxili təmizlik, vicdani saflıq insan üçün böyük vüqardır!.. O, adamı cürətli, alnıaçıq, başıuca edər!.. Mənəvi təmizlik, insana məğlubedilməz qüdrət, vətən, xalq qarşısında hədsiz bir hörmət verər!..  


Bu dünyada insan üçün, hər nə işdə olursa olsun, ürəyi ləkəli yaşamaqdan da ağır bir şey ola bilməz. Sən gəncsən, bizim dünyanın mənası məzmunlu, hikmətli və dərindir!..


Ağsaçlı müəllim Mehmanın boynunu qucaqlayıb:


- Mənim öz övladım olmayıb, - deyə həyəcanlandı. - Səndə mən özüm üçün doğma bir bala sifətini tapmışam!. .


Mehman müəllimin göy damarlı əlini eyni ehtiramla  öpüb vəsiqəsini götürdü. Ağsaçlı müəllim titrəyən şəhadət barmağını uzadıb:


- Unutma ha!.. - deyə son tapşırıq verdi. - Ləkə çox pis şeydir, heç unutma!.. . Ləkə insanı cürətsiz, başıaşağı edər. Heç kəs bilməsə belə, o, adamı xəcalət tərinin içində boğar, onun rahat yuxusunu göylərə çəkər!.. Bu sözlər indi yersiz görünsə belə, ürəyimdən gəldiyi üçün bir övladım kimi sənə deməli oldum, oğlum!.