Nağıllar, hekayələr

Qoca aslan

Biri vardı, biri yoxdu, meşədə bir aslan yaşayırdı. Aslan çox qocalmış və ov etməyə taqəti qalmamışdı. 


Düşünüb-daşındı, nəhayət, böyük bir ağacın koğuşunda gizlənmək qərarına gəldi. Bu yolla onu axtarmağa gələn heyvanlardan birini ovlayıb qarnını doyurmaq istəyirdi. 


Aradan bir neçə gün keçdi. Meşədəki heyvanlar eşitdilər ki, qoca aslan koğuşunda yaşamağa başlayıb. 


Ona baş çəkmək fikrinə düşdülər. Amma hansı heyvan koğuşa yaxınlaşırdısa, aslanın ona acgözlüklə baxdığını görür və dərhal geri qayıdırdı. 


Bir gün tülkü qərara gəldi ki, o da gedib aslana baş çəksin. Tülkü koğuşa yaxınlaşıb qoca aslandan soruşdu: 


- Aslan qardaş, necəsən? 


- Necə olacam, ay tülkü qardaş, kefim yoxdur. Heç kim yanıma gəlmir. Sən özün də uzaqdan hal-əhval soruşursan. 


- Aslan qardaş, günah özündədir. Hamıya acgözlüklə baxırsan. Az qalırsan, yanına gələnləri tutub yeyəsən. Əgər heyvanları gülər üzlə qarşılasan, belə olmazdı. Onlar səni özünə dost hesab edər, yanına gələrdilər. 


Aslan səhvini başa düşdü. Bütün heyvanlardan üzr istədi. Heyvanlar da qoca aslanı bağışladılar. Özlərinin yeməklərindən ona da pay verdilər. Beləcə, həm aslanın qarnı doydu, həm də heyvanlar meşədə qardaş kimi yaşadılar.