Təbiət

Yaşıl Göl- Sualtı Park, Avstriya

Yaşıl göl (Grüner See) Avstriyada, Ştiriya bölgəsinin Traqyös kəndində yerləşir. Göl Xoxşvab dağları və meşələr ilə əhatə olunub. 

 

 

Onun Yaşıl Göl adlanmasının səbəbi suyun zümrüd yaşılı rəngdə olmasıdır. Dağlardan əriyib süzülərək gələn gölün suyu çox təmiz və aydın, temperaturu isə 6–7 dərəcədir.

 

 

 

Qışda gölün dərinliyi 1-2 m olur və onu əhatə edən ətraf ərazilər quru bölgə olduğundan park kimi istifadə olunur. Lakin yazda temperatur qalxır, dağlardakı qar əriyərək dağın ətəyində yerləşən bu ərazilərə dolur və park su altında qalır. Bu vəziyyət may ayının ortalarından iyuna kimi davam edir. İlin bu aylarında göl özünün maksimum dərinliyinə- 12 m-ə çatır. Elə buranın ən gözəl vaxtları da bu aylardır. 

 

İyul ayında isə artıq göl suyu geri çəkilir. Göl suyunun artdığı yaz aylarında, su altındakı çəmənlikləri görmək istəyən dalğıclar bura üz tutur. Dalğıclar Su altındakı körpü, oturacaq, cığır və ağaclara tamaşa edirlər. Turist ziyarətlərinin artması nəticəsində yaranan və gözlənilən ziyanları aradan qaldırmaq üçün göldə olan bütün su idmanları 2016-cı il yanvarın 1-dən qadağan edilmişdir.