Xəbərlər

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Kuklaçı Günü qeyd olunub

Martın 12-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Kuklaçı Günü ilə əlaqədar tədbir keçirilib.

 

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin iştirak etdikləri tədbirdən əvvəl məktəblilər kitabxanaya ekskursiya ediblər. Kitabxananın əməkdaşı onlara bütün şöbələr haqqında ətraflı məlumat verib.

 

Tədbirin aparıcısı Beynəlxalq Kuklaçı Gününün yaranma tarixi və bu bayramın ölkəmizdə böyük əhval-ruhiyyə ilə keçirilməsindən danışıb. Qeyd edib ki, Beynəlxalq Kuklaçı Gününün qeyd olunması ideyası məşhur İran kukla teatrı xadimi Civad Zülfaqarihoya məxsusdur.

 

Sonra Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Rəhim Rəhimov tədbir iştirakçılarına teatrın yaranma tarixi, kuklaların hazırlanma prosesi və idarə edilməsi qaydaları barədə məlumat verib. Aktyorla məktəblilər arasında maraqlı görüş keçirilib. Şagirdlər kuklalarla əyani tanışlıq və onlar vasitəsilə milli və dünya nağıl qəhrəmanlarının obrazını canlandırmaq imkanı əldə ediblər.

 

Tədbir çərçivəsində əyləncəli anlar yaşayan uşaqların sualları aktyor tərəfindən cavablandırılıb.

 

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova qeyd edib ki, kuklalar səhnədə görünəndə həmişə bayram olur. Bu gün də kuklalarla uşaqların görüşü bir bayramdır. Əgər kuklalar balacalar üçün bir oyun və əyləncədirsə, böyüklər üçün eyham, mesajdır.

 

Z.Dadaşova məktəblilərə yaz tətili günlərində kitabxananın nağıl saatlarından faydalanmaqla yanaşı, kukla teatrının tamaşalarına getməyi də məsləhət görüb.

 

Kitabxananın kollektivi Abdulla Şaiq adına Kukla Teatrının aparıcı aktyoru Rəhim Rəhimova maraqlı görüş üçün minnətdarlığını bildirib.