Xəbərlər

Paytaxt məktəbliləri arasında keçirilən dama turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 16 dekabr, AZƏRTAC

 


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən 64 xanalı dama üzrə turnirə yekun vurulub. 


BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda paytaxt məktəblərinin I–XI sinif şagirdləri iştirak ediblər. Turnirdə birinci yeri Nəsimi rayonundakı 5 nömrəli tam orta məktəbin komandası tutub. Yasamal rayonunu təmsil edən akademik Zərifə Əliyeva adına Liseyin komandası ikinci, Xəzər rayonundakı 323 nömrəli tam orta məktəbin komandası isə üçüncü olublar.


Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, dama idman növü üzrə paytaxtın əlaqələndirici-kuratoru Salman Əbdülov və 4 nömrəli İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Elvin Hüseynov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. 


Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.