Nağıllar, hekayələr

Şirvanşahlar Sarayı

Şirvanşah İbrahim bir ucu Dəmirqapı Dərbəndə, bir ucu Şəki ilə Gəncəyə, bir ucu Beyləqana, bir ucu Xəzər dənizinə gedib çıxan böyük bir dövlət qurmuşdu. Paytaxtını da Şamaxıdan “küləklər diyarı” adlandırılan Badi-Kubəyə köçürmüşdü. Amma daha yaşlaşmışdı. Odur ki, bir gün oğlu Xəlilüllahı yanına çağırıb dedi:


- Oğul, daha qocalmışam. Məndən sonra sən şah olacaqsan. Sənə cənnət kimi bir dövlət qoyub gedirəm. Qədrini bil. Bir iş görəndə ağılla gör. Dosta - dost, düşmənə - düşmən ol. Bir də Badi-Kubənin mənzərəli yerində özünə möhtəşəm bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır.


Xəlilüllah şah taxta çıxdığı günün səhəri əyanları yanına çağırdı. Saray tikdirmək istədiyini bildirdi. Memarlardan kimi məsləhət gördüklərini soruşdu. Əyanlar bir-birinin üzünə baxdılar. Axırda biri bu işi yalnız Memar Əlinin görə biləcəyini söylədi.


Memar Əlini tapıb şahın hüzuruna gətirdilər. Şah dedi:


- İstəyirəm ki, şəhərimizdə dünyada tayı-bərabəri olmayan bir saray tikəsən. Həyətində divanxanası, məscidi, hamamı, kəhrizi, güllü-çiçəkli bağı, bir də çoxlu türbələri olsun. Nə deyirsən?


- Məsləhət sizindir, şah!


Xəlilüllah şah dedi:


- Onda başla. Nə qədər qızıl-filan lazım olsa, xəzinədən götür. Bu iş nə vaxta tamamlanar?


Memar Əli sarayın bir qərinəyə hazır olacağını bildirdi.


Xəlilüllah şah bu sözü eşidəndə təəccübləndi:


- Bir qərinəyə?


Sarayın gec başa gəlməsinə görə şahın narahat olduğunu görəndə Memar Əli əlavə etdi:


- Şah, siz çox cavansınız. O sarayda siz hələ çox ömür sürəcəksiniz.


Bu sözlər şahın xoşuna gəldi, gülümsəyib dedi:


Sənə böyük ənam verəcəyəm. Ancaq bir şərtim var: Tikdiyin sarayın üstündə öz adını yazmayacaqsan.


Memar Əli fikirləşdi ki, bəlkə, şah öz adını yazdırmaq istəyir. Odur ki, dedi:


- Buyruq sizinkidir, şah!


Xəlilüllah şah dedi:


- Yaxşı, bir qərinədən sonra görüşərik.


Bir qərinə 33 il idi. Bu müddətdə saray hazır oldu. Şah gəlib gördü ki, Memar Əli, doğrudan da, möhtəşəm bir saray tikib. Amma lap yuxarıda badamvari lövhədə öz adını yazıb. Şah bərk hirsləndi:
Bu nədir? Axı mən şərt kəsmişdim ki, sən adını yazmayacaqsan.


Memar Əli dedi: - Şah sağ olsun, bu, ad deyil, bu, bir ayədir.


Alimlər yığışdılar və yazını oxudular. Gördülər ki, Memar Əli düz deyir, bu, doğrudan da, bir xeyir-dua ayəsidir. Şah rahat oldu və memara yaxşı ənam verdi.


Sarayın tikildiyi vaxtdan düz bir qərinə də keçdi. Şah atası kimi yaşlaşmışdı. Taxtda oturub gördüyü haqlı- haqsız işləri bir-bir yadına salırdı. Birdən bərk narahat oldu, düşündü: “O vaxt cavanlıq elədim, Memar Əlinin qəlbini qırdım. Sarayın üstündə adını yazmağa qoymadım. Yaxşısı budur ki, onu çağırım, halallıq alım”.


Memar Əlini şahın yanına gətirdilər. Memar da şah kimi qocalmışdı.


Şah dedi: - Ustad, o vaxt haqsızlıq elədim: Qoymadım sarayın üstündə adını yazasan. Düzü, bərk peşman olmuşam. Məni bağışla. Bax bu saray, bu da sən, adını hara yazmaq istəyirsən, yaz. Qoy mən də dünyadan rahat köçüm.


Memar Əli dedi: - Şah sağ olsun, narahat olmayın. O ayəni güzgüdə tərsinə oxusanız, görəcəksiniz ki, elə mənim adım yazılıb.


Xəlilüllah şah çox sevindi, dedi:


- Sənin kimi ağıllı adamın tikdiyi saray dünya durduqca duracaq...