Yumor

Bu ağılda da dəli olar

Günlərin birində padşah təğyiri-libas olub öz adamları ilə Bəhlulun qapısının ağzından keçirmiş. Görür Bəhlul həyətdə bir ağacın altında oturub. Padşah deyir:


-Bəhlul, qonaq istəyirsənmi?
Bəhlul deyir:
-Ürəyi təmiz, vücudu pak adamlara mənim qapım həmişə açıqdır. Padşah deyir:
-Sənin fikrincə, biz o dediyin adamların hansındanıq?
Bəhlul deyir:
-Onu ayırd etmək çox asandır. Deyirlər kimin ürəyi təmiz, vücudu pakdırsa, onu heç cəhənnəm odu da yandırmaz. İstəyirsən biləsən, gəl həyətə, adamlarına əmr et bir ocaq qalasınlar, ocağın üstünə sac qoyaq, bir-bir çıxaq oturaq üstündə, kimi yandırsa, onda biləcəyik ki, həmən adamın ürəyi təmiz deyil.


Padşah fikirləşdi ki, əvvəlcə sacın üstünə Bəhlulu çıxardaram. Razı oldu. 


Padşahın adamları həyətdə ocaq qaladılar. Bəhlul da getdi evdən sac gətirməyə. O evə gedən kimi altdan ikinci bir şalvar geyib qayıtdı, sacı ocağın üstünə qoyub oturdu, qızmaq sacın üstündən bədəninə isti keçənə qədər tərpənmədi. 


Bəhlul dedi:
-Padşah sağ olsun, mən sacın üstünə nə qədər oturmuşamsa, sən də o qədər oturmalısan. İndi nə deyirsən, düşüm yoxsa oturum?
Padşah gördü yarım saatdan çoxdur Bəhlul sacın üstündə oturub, od onu yandırmır, fikirləşdi ki, bəlkə, mən də oturmalı oldum, onda neylərəm. 
Odur ki, dedi:
-Bəsdir.


Bəhlul sacın üstündən düşdü. Padşah barmağının ucunu saca vurdu ki, görsün çoxmu istidir. Barmağı cızz eləyib dərisi soyuldu. Bəhlul nə qədər etdisə, padşah sacın üstünə çıxmadı. Bəhlul onun yanmış barmağını göstərib dedi:
-İnid bildinmi, mənim ürəyim təmiz, vücudum pakdır. 


Padşah söz altda qalmasın deyə dedi:
-Bəhlul, mən nə bilim, bəlkə sən altdan elə paltar geyinibsən ki, od yandırmır.


Bəhlul dedi:
-Yox, dost, sacın üstündə əvvəlcə mən oturdum, indi növbə sənindir, bu dəfə paltarını əvvəlcə sən çıxarmalısan. 


Padşah istədi soyunsun, vəzir yavaşca qulağına pıçıldadı: Sən padşahsan, bu qədər adamın yanında soyunsan sənə nə deyərlər. Bəhlul da səni ələ salmağa bəhanə tapar. Söz padşahın ağlına batdı, soyunmaq fikrindən əl çəkdi. Vəzirə dedi:
-Deyirlər, Bəhlul dəli-divanədir. Bu, quyruqlu yalandır. De görüm bu ağılda, bu kamalda da dəli olar?