Bu maraqlıdır!

Günəş və şaxta oyunu

Oyun böyük otaq, meydança və ya dəhlizdə oynanılır. Oyunda iştirak edən dəstələrin birində qalstuklar, o birində isə cib dəsmalı olması tələb olunur.

 

Bütün oyunçular 2 bərabər dəstəyə bölünürlər və otağın qarşı tərəflərində üz-üzə cərgəyə düzülürlər. Hər tərəfdən bir kapitan seçilir. Əllərində qalstuk tutan iştirakçılar "Günəş", cib dəsmalı tutan iştirakçılar "Şaxta" adlandırılır. 

 

Tərbiyəçi hər iki dəstənin kapitanını ortaya çağırır. Püşk atmaq yolu ilə bir dəstənin kapitanı o biri dəstənin kapitanına deyir:

Şaxtayam yüküm ağır,

Nəfəsimdən qar yağır.

Mən gələndə dəryalar,

Qorxusundan buz bağlar.

 

O biri dəstənin kapitanı cavab verir:

Şaxta baba, nahaq sən,

Qüvvətliyəm deyirsən.

Mən buluddan çıxanda,

Mum kimi əriyirsən.

 

Tərbiyəçinin işarəsi ilə cərgədə dayananlar qabağa qaçırlar. Bununla bərabər hər iki kapitan öz dəstəsinə tərəf dönərək, qalstukları və eləcə də cib dəsmallarını yığırlar. Dəstələrin kapitanları iştirakçıların hamısının cərgələrə düzüldüklərini yəqin edəndən sonra tərbiyəçinin yanına qaçırlar və əllərindəki qalstukları, dəsmalları ona verirlər. Oyunu daha tez başa çatdıran dəstə qalib sayılır.

 

Oyunun müddəti 10-15 dəqiqədir.

Qaçış vaxtı bir-birini itələmək qadağandır.

Qalstukları və ya cib dəsmallarını dəstənin kapitanlarına, eləcə də tərbiyəçiyə atmaq qadağandır.

Dəstənin kapitanlarına iştirakçıların cərgəyə düzüldüklərini yəqin etməyincə, tərbiyəçinin yanına qaçmağa icazə verilmir. 

Bütün iştirakçılar oyunda fəal iştirak etməlidirlər. 

Uşaqlar oyun qaydalarına düzgün əməl etməlidirlər. Tərbiyəçinin işarəsi olmadan xətdən çıxıb qaçmasınlar. Oyunda uşaqlar kollektivdə mütəşəkkil surətdə hərəkət etməyi öyrənirlər.