Odlar Yurdu

Göygöl Dövlət Təbiət Qoruğu

 

Göygöl dövlət təbiət qoruğu – Azərbaycanda yaranan ilk qoruqdur. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşir.Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Ərazisi 6732 hektardır.

 

Göygöl qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılıb. Həmin vadilərdə kiçik, iti çaylar axır. Burda 10-a yaxın göl var. Meşəlikdə qonur dağ – meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlimi əsas soyuq, qışı quru olur. Floranın tərkibi 420 növ bitki, 76 növ ağac və kolluqlardan ibarətdir. Qoruqda 1100 – 2200 metr hündürlükdə yarpaqlı ağaclar: şərq fıstığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var. Burada 30 növ məməlilər, 6 növ sürünənlər, 3 növ amfibiyalar, 1 növ balıq, 46 növ quşları da yaşayır. Qoruqda cüyür, Qafqaz maralı, Şərqi – Qafqaz dağ keçisi, qonur ayı, susamuru, kiçik dələ, çöl qabanı, dağ keçisi, canavar, tülkü, caqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq və başqa heyvanlara rast olunur. Quşlardan toğlu götürən quş, keçəl kərkəsi, kəllik və başqaları mövcuddur. Elləroğlu dağ silsiləsində (hündürlüyü 710 metr) “Eldar şamı” qoruğunun filialı var. Sahəsi 392 hektar palıdı torpağa malik olan bu dik yamaclarda Eldar şamı meşəliyi yerləşir. Həmçinin bu sahədə seyrək şam meşəliyi, eldar şamı, eldar armudu, ardıc kolu, cır moruq, zoğal ağacları da var. Ağaclardan – eldar şamı, adi nar, qarmaq şəkilli şam, heyvanlardan – Zaqafqaziya qonur ayısı, faunadan – adi quru qurbağası, çay və göl alabalıqları Qırmızı kitaba salınmışlar.

 

Qoruq bir neçə dəfə ləğv edilmiş, statusu dəyişdirilmiş və 1965-ci ildə üçüncü dəfə təşkil edilmişdir. Onun ərazisi iki hissədən : Göygöl Dövlət Təbiət Qoruğundan və onun “Eldar şamı” filialından ibarətdir. 

 

Göygöl

 

Məşhur Göygöl gölü də Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə isə füsunkar gözəlliyi, suyunun şəffaflığı ilə seçilən məşhur Göygöl yaranmışdır. Göygölün ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.

 

Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metr, eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metr olan gölün görünmə qabiliyyəti 8-10 metrdir.

 

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.