Bu maraqlıdır!

Hindistanın "Kanqra" qalası

615 metr yüksəklikdə yerləşən Hindistanın Himaçal Pradeş əyalətindəki Kanqra qalası, Himalaydakı ən böyük qaladır, Hindistanın isə ən qədim qala-məbədidir. Zəngin tarixi boyu qala bir çox hakim sülalənin yüksəlişini və süqutunu görmüşdür.

 

Qalanın keçmişi qədim Triqarta krallığının (eramızdan əvvəl V əsrdə) dövrünə aiddir, əfsanələrdə deyildiyi kimi, qala Kanqranın 234-cü Racası – Suşram Çand Katoç tərəfindən tikilmişdir. Tarixçilər Katoç sülaləsinin idarəçilik ardıcıllığını dünyada birinci olduğuna inanırlar. Belə ki, Kanqra dağ krallığının taxtında, Katoç sülaləsinin 487 racası, qədim dövrlərdən başlayaraq Hindistanın 1947-ci ildə əldə etdiyi müstəqilliyinə qədər dövrdə, ard-arda taxta oturmuşlar.

 

Lakin Kanqra qalası üzərində nəzarət tez-tez bir hökmdarın əlindən digərinin əlinə keçirdi. İlk dəfə, 1009-cu ildə Naqarkot (Kanqra) üzərində nəzarəti ələ keçirən Mahmud Qazni oldu. Kanqra həmçinin “Kot Kanqra”, “Fort Bhima” və ya “Bhimanaqar” kimi tanınırdı. Pandavaların bir vaxtlar bölgəyə səfər etdikləri və onlardan biri olan Bhimanın fiziki gücün simvolu sayıldığı üçün belə adlandırılmışdır. Hökmdar Qazni qalada və məbədlərində çoxlu sərvət tapdı və onların çoxluğu o dövrlərin krallarının xəzinələrindən çox üstün idi.

 

300 ildən çox bir müddət sonra, qala yenə 1337-ci ildə Məhəmməd Tuğlak tərəfindən darmadağın edildi, lakin o, burada uzun müddət qalmadı. 1345-ci ildə Tuğlakın ölümündən sonra Kanqra Racı Rup Çand Katoç qalaya nəzarəti ələ aldı. Feroz Tuqlak istehkamı ələ keçirtməyə çalışarkən Raca Katoçun böyük müqaviməti ilə qarşılaşdı. Nəticədə, Feroz geri çəkildi və hətta Racanın dostu oldu.

 

Kanqra qalası 1615-ci ildə Əkbərin mühasirəsinə müvəffəqiyyətlə tab gətirdi, lakin beş il sonra Əkbərin oğlu Cahangir uzaq torpaqlara nəzarət quraraq qalanı özünə tabe etdirməyi bacardı. Cahangir Böyük Moğolların imperatoru idi. Katoç hökmdarları dəfələrlə qalanı geri almağa çalışdılar, ancaq buna nail ola bilmədilər.

 

Yalnız XVIII-ci əsrin sonunda II Raca Sansar Çand əcdadlarının mirasını bərpa etməyi və qədim qalanın əvvəlki şöhrətini bərpa etməyi bacardı. Onilliklər boyu Maharaca Sansar Çand bir tərəfdən Qurkxalarla (Nepallılardan düzəldilən İngilis birləşmələri) və digər tərəfdən Sə Sikh kralı Rancit Sinqx ordusu ilə vuruşdu. Bundan əlavə, kral qohumlarına qarşı olduqca sərt bir siyasət yürüdürdü: üzvlərdən bir hissəsini həbsxanada saxladı və bu da öz növbəsində ona qarşı sui-qəsdlərin sayını artırdı.

 

Sikh və Katoçi arasındakı döyüşdə qala qapıları açılmış və 1806-cı ildə döyüşən tərəflər barışıq bağlamaq məcburiyyətində qalmışlar. Sikh müharibəsi bitdikdən sonra yalnız 1846-cı ildə Kanqra qalası İngilislərin əlinə keçdi. İngilis qarnizonu qalanı işğal edərək, güclü bir zəlzələ baş verənədək, yəni 1905-ci ilə qədər qalada qaldı.

 

Rəvayətə görə qala Şiva tanrısının qulağının (kan) üzərində tikilmiş və Ban Qanqa və Manchi çayları üzərində ucalan dik bir qayanın üzərində dayanmışdır. Ətrafdakı divarların ümumi uzunluğu təxminən 4 km-dir. Qala, Cahangir və Rancit Sinqh kimi döyüş qaliblərinin adını daşıyan bir sıra qapılarla qorunur. Bu qapılar 1905-ci ildə baş vermiş zəlzələsi zamanı ciddi zərər gördü. Andheri və Darsani Darvaza qapıları isə tamamilə məhv oldu.

 

Qalada kiçik bir muzey var, kolleksiyasında - qala ziyarətgahlarından daş oyma nümunələri, həmçinin Pahari məktəbinin miniatürləri (Kanqranın bir qolu) qorunur.

 

Hindistanın Arxeoloji Araşdırma Mərkəzi tarixi mirasın bərpası üçün fəal şəkildə çalışır.

 

XX-ci əsrin əvvəllərində Kanqra qalasının zəlzələ nəticəsində demək olar ki tamamilə məhv olmasına baxmayaraq, bu gün turistlər arasında çox populyardır. Yarı dağılmış məbədi brahmanlar təzə çiçək çələngləri ilə bəzəyirlər.