Şeirlər

Mirzə Ələkbər Sabir. “Təbib və xəstə”

Bir təbibə gedib də bir bimar

Dedi: “Mədəmdə ağrı bir şey var;

 

Bir dəva ver, mənə əlac eylə,

Ölürəm, careyi-mizac eylə”.

 

Tutdu nəbzin təbib onun dərhal:

“Nə yemişsən?” - deyə edincə sual,

 

Dedi: “Yanmış çörək yədim, doktur,

Yediyim bir əlavə şey yoxdur”.

 

Baxa qaldı təbib onun sözünə,

İstədi bir dəva tökə gözünə.

 

Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,

Yoxsa məfhumunuz deyilmi sözüm?”

 

Dedi doktor ona ki: “Ey əhməq,

Eybli olmasa gözün mütləq,

 

Yanmış etmək yəməz idin əsla,

Bu səbəblə yarar tökülsə dəva”.