Xəbərlər

İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı çapdan çıxıb

MEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edilmiş “Qıymayın uşaqlara” kitabı çapdan çıxıb.

 

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, nəşrin redaktoru Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməddir.

 

“Tanrıdan gələn səsdir: “Qıymayın uşaqlara” adlı “Ön söz”ü filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddinqızı yazıb. Kitabın rəssamı Zəhra Əkbərlidir. Bu kitab müəllifin otuz birinci, uşaqlar üçün isə yeddinci kitabıdır. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan sözügedən nəşrdəki şeirlərdə müharibə törədənlərə, faciəli uşaq ölümü hallarına dərin nifrət, 44 günlük Vətən müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır. Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üçpərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.