Nağıllar, hekayələr

Nastinka xəstəliyə necə qalib gəldi

Nastya adlı balaca bir qızcığaz bərk xəstələndi. Anası onu məktəbə buraxmadı və evə həkim çağırmaq qərarına gəldi. Başqa bir vaxtda qız evdə olmaqdan məmnun olardı, lakin indi baş və boğaz ağrısı, burun tutulması onu yaman incidirdi.

Anası onun hərarətini ölçmək üçün termometr qoydu, çıxardanda isə dəhşətə gəldi və həb dalınca mətbəxə  qaçdı.

"Yenə də həblər... həkim də iynə vuracaq…" deyə Nastinka narazılıqla burnunu qırışdırdı. Qızı həbləri udmağa məcbur edən ana isə moruq mürəbbəsi ilə çay verməyə çalışdı. Nastya bütün gücü ilə mübarizə aparırdı - nədənsə moruğu sevmirdi.

- Yaxşı, qızım, bircə qurtum iç! - ana səbirlə xahiş edirdi.

- Mən artıq uşaq deyiləm! – deyə Nastya müqavimət göstərirdi, səsi isə artıq batmağa başlamışdı. Ananın isə səbri tükəndi:

- Əgər böyümüsənsə onda uzanaraq ağrı çəkməyi yox, müalicə olunaraq sağalmağı bilməlisən!

Ana, əlbəttə ki, əsəbiləşdi, lakin bu onun inadkar qızının yorğanını düzəltməyə mane olmadı. Qızın yuxuya getdiyini görüb ana otaqdan çıxdı. Nastya isə narahat vəziyyətdə dərin yuxuya getdi.

Yuxuda qız keçmişə qayıtmışdı - yenidən altı yaşında idi və yenidən pnevmoniya ilə uşaq xəstəxanasında yatırdı.

Çarpayının yanındakı masanın üstündə bir boşqab və bir stəkan vardı, deyəsən, yuxuda ikən ona yemək üçün bir şey gətirmişdilər. Nastya boşqaba baxdı:

- Fu, yenə sıyıq. Yox, iyrənc!

- Mənəmi iyrənc deyirsən? - boşqabdan səs gəldi. Sıyıq Nastyaya parlaq yağlı gözlər ilə baxırdı.

- Nə nankor bir qızcığazsan! "Bütün var gücüm ilə çalışıram səni bəsləyim. Axı, xəstəliyi məğlub etmək üçün yaxşı yeməlisən. İndi ağzını büzürsən, xəstəlik isə sevinir. Zəif olacaqsan və xəstəliyi qova bilməyəcəksən!

- Sıyıq! Nastyanın qayğısına bəyəm tək sən qalırsan? Yataq narazılıqla söylədi. - Bəs qız yatarkən keşiyində duran, isti yorğan ilə onu örtən kimdir?

"Mən də qıza qulluq edirəm, əşyalarını səliqəli şəkildə saxlayıram”-şkaf kənardan səsləndi.

Bu zaman iynə dilləndi:

- Budur Nastyanın inadı tutdu və tibb bacısına məni vurmağa qoymadı. Bunu boş yerə etdi! Buradan mən hətta Xəstəliyin gülüş səsini eşidirəm. Xəstəlik üçün zərərli olan, Nastya üçün xeyirlidir!

Nastya onların söhbətinə qulaq asırdı, ancaq sanki nəfəs almağı çətinləşdirən öskürək ona mane olurdu. "Bu xəstəlik mənə öskürək göndərir" qız nəhayət başa düşdü.

Nastya küçədə oynayan uşaqların səsini eşidib daha da bikeflədi.

"Sıyıq haqlıdır!" Nastya dedi və əlinə qaşıq götürdü. Xəstəliyin biraz geri çəkildiyini və öskürəyin azaldığını hiss etdi. Nastyanın əhvalı düzəldi və yeməyini son qırıntısına qədər yedi.

Otağa tibb bacısı girdi:

- Oh, Nastya, əhsən sənə! Nə yaxşı yedin. Bəlkə indi iynə vuraq?

Nastya: - Əlbəttə! Vurmaq lazımdır!

O, artıq hiss edirdi ki, öskürək və xəstəlik bir küncə sıxışıblar.

Ağ paltarlı həkim otağa girdikdə isə xəstəlik qorxub Nastyanın bədənindən çıxdı. Palatanın uzaq küncünə qondu, dəhşətli bir canavara çevrildi və özünü müdafiə etməyə hazırlaşdı. Qız canavara vahiməli baxdı, buna görə həkimlə baş verən dəyişiklikləri görmədi. Həkim artıq parlaq zirehli bir cəngavərə çevrilmişdi: bir əlində nizə, digərində isə ilan şəkilli qab tutmuşdu.

Qorxmaz cəngavər canavarın üstünə qaçdı, onu nizə ilə bıçaqladı. Hər bir zərbə ilə qız istilik və öskürək azaldıqca nəfəs almasının necə asanlaşdığını hiss etdi. Nastya özünü o qədər yaxşı və yüngül hiss etdi ki, yuxudan oyandı.

Oyanaraq qız indiyə qayıtdı. Divanda uzanmışdı, yanında isə anası və sahə pediatrı dayanmışdı.

Nastya artıq əmin idi ki, sadiq sağlamlıq cəngavərləri onu hər zaman qoruyacaqlar.

Artıq Nastya iynə və həblərdən qorxmurdu və tezliklə mütləq sağalacağını bilirdi!