Nağıllar, hekayələr

Zahid Xəlil. Qənaətcillik

Orxan və Elbəy qardaşdırlar. Orxan Elbəydən 2 yaş kiçikdir. Onlar çox mehribandırlar, heç vaxt bir-biri ilə dalaşmır, dərslərini də yaxşı oxuyurlar.

 

Bircə məsələdə qardaşlar bir-birindən fərqlənirlər. Orxan çox bədxərcdir, cibində pul qalmır. Parka gedəndə hər gördüyünü almaq istəyir. Məktəbdə də hər tənəffüsdə bufetə qaçıb, istədi-istəmədi, yeməyə nəsə alır. Elbəy isə heç vaxt lazımsız yerə pul xərcləmir. Məktəbdə olarkən evdən gətirdiyi yeməklə kifayətlənir. Qardaşı kimi hər dəfə məktəbdən qayıdanda yolda saqqız, tum almır.

Orxanın israfçı olması böyük qardaşı narahat edirdi, lakin o heç vaxt bunu qardaşının üzünə vurmurdu.

 

Ataları hər gün onlara eyni miqdarda pul verirdi. Orxanınkı həmin gün qurtarır, Elbəy isə artıq pulunu daxıla atırdı.

 

Beləliklə, bir dərs ili sona çatdı. Qardaşlar bu ili də “əla” qiymətlərlə bitirdilər. Sevincək qiymət cədvəllərini evə gətirdilər. Valideynləri də çox sevindilər. Ata dedi:

 

– Afərin! Məni çox sevindirdiniz. İndi deyin görüm sizə nə hədiyyə alım?

 

Hər iki qardaş çoxdan kompüter arzusunda idi. Onlar arzularını ataya bildirdilər. Ata kompüterin qiymətini biləndə bir qədər düşündü, sonra dedi:

 

– Lap yaxşı. Maaşım veriləndə mütləq sizə kompüter alaram.

 

Qardaşlar hiss etdilər ki, hazırda atanın pulu kompüter almağa çatmır. Heç nə demədilər. Hətta arzularını dilə gətirdikləri üçün bir az peşman oldular. Elbəy bir söz demədən otaqdan çıxdı və tez də qayıtdı. Onun əlində fil fiqurlu daxıl vardı. O, daxılı atasına uzatdı. Atasının sual dolu nəzərlərini görüncə dedi:

 

– Ata, qardaşımla mən hər gün verdiyin pullardan artıq qalanı bu daxıla atırdıq. Məncə, indi daxılı sındırmağın vaxtı çatıb. Kompüteri alanda buradakı pullardan da istifadə edə bilərsən.

 

Ata bu sözlərdən təsirləndi:

 

– Mənim balalarım həm çalışqan, həm də qənaətcildirlər. İndidən ailə büdcəsinə kömək edirlər. İkinizlə də fəxr edirəm.

 

Əslində, Orxanın bu puldan heç xəbəri də yox idi. “Elbəy mənə yaxşı dərs verdi”, – deyə o düşündü. Həmin gündən Orxan büsbütün dəyişdi, qardaşı kimi qənaətcil, gözütox oldu.