Nağıllar, hekayələr

“Ələddinin sehrli çırağı” (“Min bir gecə” nağıllarından)

Keçmiş zamanlarda Şam şəhərində Mustafa adlı yoxsul bir dərzi yaşayırdı. Bir yandan kasıblıq, bir yandan da oğlu Ələddinin tənbəlliyi ona dərd olmuşdu. Elə bu dərdlə də yazıq kişi günlərin bir günü dünyadan köçdü. Ələddinlə anasının dolanışığı lap çətinləşdi. Yazıq arvad onun-bunun evində işləyib bir təhər çörək pulu çıxardırdı.


Bir gün Ələddin həmişəki kimi bazarda boş-boşuna veyillənirdi. Birdən onun qarşısına eşmə bığlı, ucaboy bir kişi çıxdı. Ələddinə diqqətlə baxıb soruşdu:
‒ Sən dərzi Mustafanın oğlusan?
‒ Bəli. Ancaq atam iki aydır rəhmətə gedib.
‒ Necə?! Mənim qardaşım rəhmətə gedib?!..‒deyə kişi zar-zar ağlamağa başladı.


Sonra sakitləşib ona mat-mat baxan Ələddinə dedi:
‒ Bəli, mən sənin atanın qardaşı Səliməm. Əmini apar evinizə.


Ələddinin anası eşmə bığlı kişinin öz qayını olduğunu biləndə heyrətləndi. Onda Səlim dedi:
‒ Gəlinbacı, qəza-qədər uşaqkən məni qardaşımdan ayırdı, hərəmizi bir diyara atdı. Qırx ildir şəhərbəşəhər gəzib qardaşımı axtarıram. Ələddini görən kimi bildim ki, onun oğludur. İndi mən tacirəm, varım-dövlətim başımdan aşır. Sizin isə görürəm, dolanışığınız yaxşı deyil,–cibindən bir ovuc qızıl pul çıxarıb qadına verdi,–Al bunu, axşama yaxşı bir yemək bişir.


Yemək üstə Səlim onu dilə tutdu:
‒ Sabah mən karvanla Hindistana yola düşürəm. Qoy Ələddini də aparım, alış-verişə öyrənsin.


Ələddinin anası dedi:
‒ Lap yaxşı olar. Sənin hesabına bəlkə uşaq tənbəlliyin daşını ata.

 

Ertəsi gün əmi ilə qardaşoğlu hərəsi bir dəvəyə minib karvana qoşuldular. Axşama yaxın onlar uca dağların arasındakı bir dərəyə çatıb burada gecələyəsi oldular. Səlim Ələddinə dedi:
‒ Oğlum, ocaq qalamaq üçün çör-çöp yığa-yığa dalımca gəl. Mən sənə bir sirr açmalıyam.


Onlar qayalıq yerdə ocaq qaladılar. Səlim qurşağının altından ipək kisə çıxarıb içindən bir ovuc toz götürdü. Tozu ocağa səpə-səpə dodağının altında nə isə oxumağa başladı.


Birdən yer-göy titrədi, ocağın yerində bir quyu əmələ gəldi. Ələddinin qorxudan az qaldı bağrı yarıla. Səlim ona dedi:
‒ Ələddin, qorxma, düş quyuya. Orada gözəl bir bağ görəcəksən. Bağın o başında yekə qara daş var. Daşın üstündəki çırağı götür, bura gəl. O çıraq sehrlidir, bizi dünyanın ən varlı adamı eləyəcək.


Ələddin Səlimin sözünü eşidib quyuya düşdü. Hər yer qaranlıq idi, yalnız uzaqda bir iynə gözü işıq görünürdü. Ələddin işığa sarı üz tutdu, gethaget gözəl bir bağa çıxdı. Buradakı ağacların meyvələri par-par yanırdı. Ələddin yaxına gedəndə gördü ki, bunlar meyvə deyil, daş-qaş, ləl-cəvahiratdır. Qiymətli daşlardan bir neçəsini dərib cibinə qoydu. Sonra bağın o başına gedib qara daşı tapdı. Daşın üstündəki köhnə çırağı götürüb geri döndü.


Ələddin bağda qalsın, sizə Səlimdən deyim. Bu Səlim Ələddinin əmisi-filanı deyildi. O, Məğribdən gəlmiş bir cadugər idi. Bilirdi ki, bu quyuda Süleyman peyğəmbərin dövründən bir çıraq gizlədilib. Bu çırağı ələ keçirən adam bütün dünyaya hökm eləyə bilər. Cadugərə əyan olmuşdu ki, çırağı quyudan yalnız şamlı Mustafanın oğlu Ələddin çıxara bilər.

Bəli, cadugər quyunun ağzında oturub gözləyirdi. Bir də gördü Ələddin çırağı qurşağına bağlayıb daşlardan tuta-tuta yuxarı dırmanır. Tez qışqırdı:
‒ Çırağı ver mənə.


Ələddin tənbəl olsa da, ağılsız deyildi. O, yalançı əmidən çoxdan şübhələnmişdi, bu kişinin nəsə bir hiyləsi olduğunu duymuşdu. Odur ki, çırağı verməyib dedi:
‒ Əvvəlcə kömək elə, quyudan çıxım.


Cadugər qeyzlə qışqırdı:
‒ Sənə deyirəm, çırağı mənə ver!
‒ Vermirəm!


Cadugər hirsindən qıpqırmızı pörtdü:
‒ İndi ki belə oldu, həmişəlik qal orada,‒deyib iri bir daşı quyunun ağzına itələdi.


Ələddin qaranlıqda daşın üstündə oturub nə eləyəcəyini bilmirdi. Görəsən, bu çıraqda nə hikmət vardı ki, eşməbığ kişi ondan ötrü özünü oda-közə yaxırdı?


Ələddin çırağın qapağını qaldırdı ki, görsün yağı qalıb, yoxsa yox. Əlini çırağın içinə salanda barmağına bir üzük dəydi. Üzüyü taxıb köynəyinin qoluna sürtdü ki, görsün parıldayırmı. Elə bu vaxt mağaranın içində elə bil ildırım çaxdı. Yerin altından qatı tüstü-duman qalxdı. Tüstünün içindən yekə bir cin çıxdı. Ələddinin qarşısında baş əyib dedi:
‒ Əmrinə müntəzirəm, mənim hökmdarım. Əmr elə, səni hara deyirsən, aparım.

 

 

Qorxudan nitqi tutulmuş Ələddin dili topuq çala-çala dedi:
‒ Məni evimizə apar.


Elə bunu demişdi ki, cin əlini uzadıb onu ovcuna aldı. Ələddin gözünü yumub-açınca gördü ki, öz yatağındadır.


Səhər Ələddini evdə yatmış görən anası elə bildi tənbəl oğlu işləməyin dərdindən əmisinin yanından qaçıb. Yuxudan oyananda Ələddin başına gələnləri olduğu kimi anasına danışdı. Arvadı inandırmaq üçün üzüyü köynəyinin qoluna sürtdü. Bir göz qırpımında cin peyda olub əmrə müntəzir dayandı. Ələddin dedi:
‒ Bizə yemək gətir!


Cin dedi:
‒ Hökmdarım, mən səni hara istəsən apara bilərəm. Qalan şeyləri çıraqdakı cindən istə.


Bunu deyib cin qeyb oldu. Ələddinin anası qorxudan əsə-əsə oğluna dedi:
‒ Oğul, bu üzük də, çıraq da şeytan əməlidir. Gəl, bunları sataq, xatası bizdən uzaq olsun.


Bunu deyib o, çırağı bazara aparmaq üçün təmizləmək istədi. Dəsmalı çırağa yenicə sürtmüşdü ki, gurultu qopdu, əvvəlkindən də böyük bir cin peyda olub əlini döşünün üstünə qoydu.


Arvad cini görəndə az qaldı özündən gedə. Ancaq Ələddin özünü itirməyib tez cinə əmr verdi:
‒ Bizə yemək gətir!


Ələddin eşitmişdi ki, padşahın Banu adında çox gözəl bir qızı var. Bir gün anasının yanına gəlib sehrli bağdan dərdiyi mirvarilərdən üçünü ona verdi:
‒ Ana, al bunları, padşahın qızına elçi get.


Anası ha istədi Ələddini fikrindən döndərə, oğlu iki ayağını bir başmağa dirədi ki, bəs o qızı almalıyam. Arvad gördü, yox, Ələddinin tərsliyi tutub, çadrasını başına salıb getdi şahın hüzuruna. Mirvariləri şahın qabağına qoyub dedi:
‒ Şah sağ olsun, razılıq ver, qızını oğlum Ələddinə alım.

 

Padşah mirvarilərə baxıb gördü hər birinin onun xəzinəsi qədər qiyməti var. Tamahdan ağzı sulandı. Amma özünü o yerə qoymayıb dedi:
‒ Mən bilməliyəm ki, sənin oğlun, doğrudan da, fərasətli, varlı oğlandır. Qoy mənim sarayım kimi bir saray tikdirsin, onda razı olaram.


Ələddinin anası padşahın şərtini oğluna çatdırdı. Gecə düşəndə Ələddin çırağı götürüb həyətə çıxdı, qapağı açan kimi cin peyda oldu. Ələddin cinə belə əmr verdi:
‒ Bir saray istəyirəm ki, şah sarayı onun yanında tövləyə oxşasın.


Söz ağzından çıxan kimi daxmasının yanında qülləsi buludlara dəyən bir saray ucaldı.


Sarayın sədası gedib padşaha da çatdı. Padşah vəzir-vəkili yığıb saraya baxmağa gəldi, bu möcüzəni görən kimi əmr elədi toya hazırlıq görsünlər.


Padşahın qızı ilə Ələddinin misli görünməmiş bir toyu oldu. Bundan sonra cavan ər-arvad şad-xürrəm yaşamağa başladı.


Bu toyun səsi bir gün gedib Məğribə də çıxdı. Məğribli cadugər hikkəsindən yerə-göyə sığmadı. O, Ələddini çoxdan ölmüş bilirdi. Başa düşdü ki, xoşbəxtlik ona çırağın sayəsində qismət olub. Durmayıb birbaş Şama yola düşdü. Tacir qiyafəsində Ələddinin evi olan küçəyə getdi. Qapı-qapı gəzib car çəkdi ki, təzə çırağı köhnəsinə dəyişir.


Ələddinin sirrini bilməyən padşah qızı evdəki köhnə çırağı qulluqçuya verdi ki, aparıb təzəsinə dəyişsin. Axtardığını tapan cadugər kinli-kinli gülüb dəsmalla çırağı sürtdü. Çıraqdan əvvəlcə qatı tüstü, sonra cin çıxdı. Cadugər cinə əmr elədi:
‒ Bu sarayı da, içindəkiləri də götür mənim ölkəmə apar.


Cin sarayı köklü-köməcli yerindən qoparıb qoltuğuna vurdu, dənizlərin, səhraların üstündən adlayıb uça-uça cadugəri mənzilinə çatdırdı. Cadugər uçan cinin belinə minib saçlarından yapışmışdı.


Ələddin bu vaxt səfərdə idi, qayıdanda gördü ki, lələ köçüb, yurdu qalıb. Tez üzüyü qoluna sürtdü. Həmin dəqiqə cin hüzurunda peyda oldu. Ələddin ona belə əmr elədi:
‒ Məni Məğrib cadugərinin olduğu yerə apar.

 

Şəhərlərin, dənizlərin, dağların, səhraların üstündən uça-uça keçdilər. Cin Ələddini düz oğurlanmış sarayın qarşısında yerə endirdi.


Ələddin gecəni gözləyib sarayın damına çıxdı, şahzadə Banunun pəncərəsini tapdı. İçəri boylananda gördü Banu xanım gözündən qanlı yaş tökür. Cadugər qıza demişdi ki, Ələddin ölüb, indi gərək ona ərə getsin. Ələddin içəri girəndə qız sevincindən bilmədi nə eləsin.


Səhər açılanda Məğrib cadugəri xanımın otağına gəldi. Sehrli çırağı əlindən yerə qoymurdu. Ələddin pərdənin arxasında gizlənib məqam gözləyirdi ki, onun işini bitirsin.


Şahzadə qız cadugəri şirin söhbətə tutub başını qatdı. Bu zaman Ələddin gizləndiyi yerdən çıxıb qılıncla cadugərin boynunu vurdu.


Sonra cinlər bir göz qırpımında sarayı qaytarıb öz yerinə qoydular. Padşah qızı ilə kürəkəninin gəlişini bayram elədi. Düz qırx gün yeyib-içib şadlandılar.