Odlar Yurdu

Masallı

Cənub bölgəsində relyefinə və təbiətinə görə seçilən Masallı Bakıdan 232 kilometr məsafədə dağların qoynunda, yaşıllıqların əhatəsində  yerləşir. Aparılan arxeoloji qazıntılar və elmi tədqiqatlar göstərir ki, bu yerlərdə 15-20 min il əvvəl insan məskənləri olub. 
 
V-VI əsrlərdə müdafiə məqsədi ilə tikilən Ərkivan qalası, XVI-XIX əsrlərə aid məscidlər, Seyid Sadıq məqbərəsi bölgənin qədim tarixini əks etdirən abidələrdir. Sıx meşələr, gur şəlalələr, soyuq bulaqlar, bol sulu çaylar bu yerlərə xüsusi gözəllik bəxş edir. Meşələri zəngin bitki örtüyünə malikdir: budaqları biri-birinə toxunaraq bitişən nadir dəmirağac, meşələrin tacı palıd, nil, cökə, Eldar şamı, Nadir Qızılağac... Bir tərəfdən Viləş çayı, bir tərəfdən Xəzər dənizi ilə əhatə olunan Masallıda turizmin inkişafı üçün hər bir şərait var.
 
Azərbaycanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac qoruğu adları "Qırmızı kitab"a düşən müxtəlif quş növlərinin, vəhşi heyvanların məskənidir. Masallı müalicəvi bulaqları ilə də ad çıxarıb. Onlardan ən məşhuru "İstisu" bulağıdır. Rayon mərkəzindən 13 kilometr aralıda, Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşən bu şəfa mərkəzində bir çox xəstəliklərdən qurtulmaq mümkündür. Qədim zamanlardan "min bir dərdin dərmanı" adlandırılan bu müalicəvi suyun tərkibi müxtəlif mineral maddələrlə zəngindir. Yerin dərin qatından çıxan suyun temperaturu isə 60 dərəcəyə çatır. 
 
Azərbaycanın bu səfalı guşəsində çoxsaylı turizm obyektləri yaradılıb. “Dəştvənd”, «Gülüstan», «Gölüstü»", "Viləş", "Baba bulağı", "Zirvə", "Cənnət bağı", "Dəmirağac" və digər istirahət mərkəzləri, müasir tipli mehmanxana və kotteclərin əksəriyyəti yaşıl meşələrin qoynunda, Viləş çayının sahilində yerləşir.
 
Masallıda ənənəvi xalq sənətkarlığı nəsildən-nəsilə ötürülərək yaşadılır. Ağacdan düzəldilən rəngarəng məmulat, zərif yun xalçalar, orijinal həsirlər turistlərin marağına səbəb olur. Milli-mənəvi dəyərlərimizi əks etdirən sənət nümunələrindən ibarət satış  yarmarkaları, müxtəlif bədii-əyləncəli proqramlar qonaqların mənalı vaxt keçirmələrinə şərait yaradır.