Şeirlər

Allahverdi Süleymanov. “Xocalı haraya çağırır bizi”

Söndü bir gecədə odum-ocağım,
Boğur ildən-ilə bu qəhər bizi.
Yağılar yandırdı, yandı Xocalım,
Niyə yandırmasın bu şəhər bizi.


Hər il qövr eyləyir yara sinəmdə,
Xocalı çəkilir dara sinəmdə.
Şəhidlər həsrətdi bara sinəmdə,
Bara həsrət qoyur, hər bahar bizi.

 

 

 

Analar fəryadı, körpələr səsi,
Yanan Xocalımın odu nəfəsi.
Göydə şəhidlərin ahı-naləsi,
Qisasa çağırır hər səhər bizi.


Torpağa tökülən şəhidin qanı,
Zəfərə çağırır bütün cahanı.
Qələbə çalmağa Azərbaycanı,
Səfərbər eyləsin bu səfər bizi.