Nağıllar, hekayələr

Gülhüseyn Hüseynoğlu. Qurucu

Hər gün işdən gəlib şam etdikdən sonra oğlum Əkrəm başımın üstünü kəsdirir, məni cürbəcür oyuna, söhbətə çəkir. Onunla əylənmək mənə də zövq verir, könlümü açır. Odur ki çağırışına həvəslə qoşuluram. Onu sevindirmək, maraq yaratmaq üçün hər dəfə təzə bir şey axtarıb tapıram. Yatanacan başını qatmağa çalışıram.

 

Bir axşam evə çox yorğun gəlmişdim. Həmin gün mədəndə qəza baş vermişdi. Mən də bütün günü yenicə qazıb qurtardığımız neft quyusunun yanında olmuşdum. Oğlum isə, həmişəki kimi, oynamaq həvəsində idi. Yorğun olsam da, ürəyini sındırmaq istəmədim. İkimiz də stolun arxasına keçdik. Əkrəm iki ayağını bir başmağa dirəmişdi ki, gəl təzə oyun oynayaq. Həvəssiz halda onu məşğul eləmək üçün yeni bir əyləncə tapmağa çalışırdım. Fikirləşə-fikirləşə stolun üstündəki domino qutusunu qarşıma çəkdim. Özüm də fərqinə varmadan qara mərmər kimi işıldayan balaca daşları bir-birinin üstünə qoymağa başladım. Axırıncı daşı qoyanda gördüm ki, stolun üstündə əməlli-başlı bir “bina” ucalır. Oğlumun da baxışları qəribə bir maraqla bu “bina”ya zillənmişdi.

 

- Hə, necədir, xoşuna gəlir? - oğlumdan soruşdum.

 

- Yaxşıdır, ata, yaxşıdır!.. - O, balaca əllərini sevinclə bir-birinə vurub şappıldatdı.

 

Sonra nə fikirləşdisə, tez xəbər aldı:

 

- Ata, birdən uçursam, nə edərsən?

 

-Yenidən quraram!..

 

Oğlum şəhadət barmağı ilə “bina”ya necə toxundusa, domino daşları bir andaca stolun üstünə və döşəməyə səpələndi. Əkrəm yerə tökülmüş daşları yığdı, gətirib qabağıma tökdü... Az keçmədi, bayaqkı “bina” hazır oldu. Oğlum yenə uçurtdu... Mən də yenə qurdum... Oğlumun bunu nə vaxt uçuracağını gözləyirdim. O, yenə zəhmətimi zay etsəydi, yəqin ki, bu işi yenidən görməyə səbrim çatmayacaqdı. Mən dedim:

 

- İstəyirsən, özün qur.

 

Domino daşlarını ona tərəf itələdim. Əkrəm həvəslə ağ xallı qara daşları bir-birinin üstünə düzməyə başladı. Düzdükcə sevinci yerə-göyə sığmırdı. Lakin qurduğu evcik yarıya çatmamış uçdu. Oğlum pərt oldu, ancaq ruhdan düşmədi, inadından dönmədi. Mən də ona səhvlərini başa saldım. Dedim ki, bala, bir işi başlayanda bünövrəsinə fikir ver. Bünövrə gərək düzgün qoyula. Bir balaca əyri oldu, qurtardı, duruş gətirməz.

 

Oğlum da dediklərimə diqqətlə qulaq asır, daşı daş üstünə qoyurdu. Gəlirdi, gəlirdi, lap az qalmış daşlar sürüşüb ətrafa səpələnirdi... O da yenidən yığır, yenidən işə başlayırdı. Əkrəmin hər dəfə daha həvəslə, daha inadla işə girişdiyini gördükcə sevinir, fərəhlənirdim.. Ürəyimdə deyirdim: “Bax belə, ağıllı oğlum, həmişə çətin işin dalınca get! Qurmağa, yaratmağa, ucaltmağa çalış, ay mənim qurucu oğlum!”

 

Nəhayət, alındı! Oğlumun "tikdiyi ev" hazır idi. Bu onun həyatinda ilk yaradıcılıq işi idi. Əkrəm fəxrlə gah öz "sənət əsəri"nə, gah da mənə baxırdı. Deyəsən, məndən tərif gözləyirdi. Mən:

 

- Hə, görək sən tikdiyin ev, doğrudanmı, möhkəmdir?

 

Bunu deyib mən də şəhadət barmağımı domino daşlarından düzəldilmiş evə uzatdım. Birdən oğlum balaca əlləri ilə əlimdən yapışdı:

 

- Yox, atacan, dəymə!

 

- Niyə, qorxursan ki, uçar?

 

- Hə, bilirəm ki, uçacaq. Amma bayaqdan əziyyət çəkirəm axı. Qoy bir az dursun da.

 

Mən gülüb oğlumun üzündən öpdüm. Elə bu zaman anasının səsi gəldi:

 

- Əkrəm, yatmaq vaxtıdır.