Şeirlər

Süleyman Rüstəm. "Canlara candır Qarabağ"

Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,

Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

Dostlarından eşidirsən bu sözü nəğmə kimi –

«Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ».

 

 Vaqifin, Natəvanın səndə ayaq izləri var,

 Məncə şairlər üçün başqa cahandır Qarabağ!

 Hər bahar fəsli bu könlümdə adın qönçələnir,

Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

 

San bilirsən ki, mənim təkcə cənub dərdim var,

 Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!

Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,

 Deyirəm, car çəkirəm canlara candır Qarabağ.

 

 Sənə övlad kimi sadiq bu Süleymanını sən

Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!