Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalı Gəncədə + VİDEO

Martın 10-da Gəncə şəhərində Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib.
 
Məktəbin direktoru Nizami Rzayev AZƏRTAC-ın Uşaq Bilik Portalının balacaların dünyagörüşünün formalaşmasında, məktəblilərin maarifləndirilməsində, onların daha geniş biliklər əldə etməsində, eləcə də asudə vaxtlarının səmərəli təşkilində rolundan danışıb. Bildirib ki, təqdimat mərasiminə 100-dən çox şagirdin qatılması məktəblilərin portala artan marağından xəbər verir.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Kənan Məmmədov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Ələkbərova, şəhər Təhsil İdarəsinin nümayəndəsi Aytəkin Cəfərova Uşaq Bilik Portalının faydasından danışıblar. Qeyd edilib ki, portal məktəblilər üçün mühüm informasiya resursu, həmçinin uşaqların maraq dairəsinə aid məlumatların toplandığı zəngin bilik mənbəyidir.
 
Sonra çıxış edən portalın rəhbəri Nigar Hüseynova Gəncə məktəbliləri ilə görüşdən məmnunluğunu bildirib.
 
Azərbaycanın informasiya məkanında AZƏRTAC-ın xüsusi yer tutduğunu deyən N.Hüseynova diqqətə çatdırıb ki, 2013-cü ildə agentliyin Baş direktoru Aslan Aslanovun təşəbbüsü ilə yaradılmış Uşaq Bilik Portalı hər gün istifadəçilərə Azərbaycan və rus dillərində xəbərlər, onların maraq dairəsinə uyğun müxtəlif məqalələr, audio və videomateriallar təqdim edir. Portalı “Facebook” səhifəsində də izləmək mümkündür.
 
Məlumat verilib ki, portalın məktəb və liseylərdə təqdimatının keçirilməsi ənənə halını alıb. Bu görüşlərdə müəllim və şagirdlərin portal barədə fikirləri, təklifləri öyrənilir və nəzərə alınır. Uşaqlar portal tərəfindən təşkil olunan rəsm müsabiqələrində həvəslə iştirak edirlər.
 
Uşaq Bilik Portalına maraq getdikcə artır. Hazırda portala baxış sayı bir milyonu ötüb. Onu Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, ABŞ, Hollandiya, Gürcüstan, Türkiyə və digər ölkələrdən də izləyirlər.
 
Sonra iştirakçılara Uşaq Bilik Portalı haqqında videoçarx təqdim olunub.
 
Tədbir şagirdlərin ifasında Novruza həsr olunmuş şeir və mahnılar, səhnəciklərlə davam edib.
 
Təqdimat mərasimi çərçivəsində AZƏRTAC-ın Uşaq Bilik Portalı tərəfindən Gəncə məktəbliləri arasında Novruz bayramı münasibətilə təşkil edilmiş əl işləri və rəsm müsabiqəsinin yekun sərgisi nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən, I yerə Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi, II yerə 4 nömrəli tam orta məktəbin IV sinif şagirdi Sabir Allahverdiyev, III yerə isə 25 nömrəli tam orta məktəbin IV sinif şagirdi Aysun İsgəndərova layiq görülüb.
 
AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi adından müsabiqənin qaliblərinə və iştirakçılarına diplomlar, fəxri fərmanlar, pul mükafatları və hədiyyələr təqdim edilib.