Bu maraqlıdır!

Pambıqçılığın inkişaf tarixi

Dünya sənayesinin, xüsusilə, yüngül sənayenin inkişafında pambığın əhəmiyyətinin böyük olması hələ çox əvvəllərdən müəyyən edilmişdir.

 

Hindistanda pambığın becərilmə və onun mahlıcından parça toxuma tarixini bizim eradan 3000 il əvvəl olan bir müddətə aid etmək olar. Hindistanda pambığın becərilməsi və mahlıcın istifadə edilməsi haqda ətraflı məlumatı keçmiş Yunanıstan tarixçiləri Heradot (bizim eramızdan 5 əsr əvvəl) və Teofrast (4 əsr əvvəl) vermişlər. Onlar pambıq lifini çox vaxt “ağac yunu” adlandırırdılar.

 

Bizim eradan 500 il əvvəl pambıqçılıq Çindən Misirə və IV-V əsrlərdə Orta Asiyaya və İrana yayılıb. Artıq IX və X əsrlərdə pambıq lifindən yüksək keyfiyyətli parçalar toxunub. Zaqafqaziyada pambığın becərilməsinə XIII əsrdə başlanılıb. XVIII əsrin ikinci yarısında pambıq lifinin sənaye üsulu ilə emalına başlanılıb.

 

İran və Ərəbistanda pambıq qədim vaxtlardan, bəzi məlumatlara əsasən bizim eradan 6-7 əsr əvvəl becərilmişdir.

 

Pliniy (eramızdan 23-27 il əvvəl) İranda pambıqçılığın 1-ci əsrdə olmasını qeyd edir. O yazır ki, iranlılar pambıqdan o qədər gözəl materiallar hazırlayırdılar ki, onlar heç də hindlilərin düzəltdiklərindən geri qalmırdı.

 

İraq dövlətində də pambıqçılığın inkişaf tarixi çox qədim dövrlərə təsadüf edir. Belə ki insanların dünyada ən qədim yaşayış məntəqəsi olan İraqın şimalındakı Noyova vilayətində (9000 il əvvəl) inkişaf etmiş əkinçilik varmış.

 

Asiyada pambıqçılığın inkişafını Uott ərəblərin o qitəyə gəlmələri ilə əlaqələndirirlər. Ərəblər herbaseum pambıq növünü Aralıq dənizinin qərb ölkələrinə-Siciliyadan İspaniyaya qədər yaya bilmişlər.

 

Qədim Misirdə bəzi məlumatlara əsasən pambıqçılıq olmayıb. Bunun səbəbini orada kənaf bitkisinin daha geniş yayılması ilə izah edirlər. Lakin Lors, Herodot və Teofrast qədim Misirdə pambıq lifindən istifadə edilməsini qeyd etmişlər. Herodota görə Misirdə bir çox qiymətli əşyalar “ağac yunundan”, yəni pambıqdan hazırlanırdı. Misirdə pambıqdan istifadə olunması haqda Teofrast və Pliniy də öz yazılarında göstərmişlər.

 

Azərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Ə. Ə. Sumbatzadə müxtəlif arxiv materiallarına istinad edərək yazır ki, Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Tarixçi Majey Xoreyskinin göstərdiyinə görə IV və VI əsrlərdə Azərbaycanda pambıq becərilirmiş.

 

Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi surətdə pambıq əkilmişdir.


19-cu əsrin ortalarında F.Engels bu barədə belə yazmışdır: “Dəmir və kömür dünya üzərində hökmranlıq edir, pambıq isə onların ləyaqətli müttəfiqidir”. K. Marks qeyd edir ki, “Əgər pambıq bitkisi olmasaydı, o zaman insanlar bugünkü mədəniyyətdə ola bilməzdilər”.