Görkəmli şəxsiyyətlər

Fernan Magellan

Fernan Magellan - ilk dünya səyahəti etmiş səyyahdır. 


Portuqal dənizçisi və səyyahı olan Fernan Magellan 1480-ci ildə Portuqaliyada anadan olub. Magellan 1519-cu il sentyabrın 20-də 5 gəmi ("Santyaqo",  "San Antonio",  "Trinidad",  "Konsepsion",  "Viktoriya") və 256 nəfərlik heyətlə səyahətə başlayıb. Səyahətin məqsədi Cənubi Amerika sahillərindən boğaz açmaqla Hindistana daha qısa dəniz yolu açmaq olub.

 

Lakin Portuqal kralı bu layihəni təsdiq etmədi. Magellan İspan kralına müraciət etdi. O, layihəni bəyəndi və Magellanı ekspedisiyaya başçı təyin etdi.  Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 1520-ci ildə indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu  okeanı  Sakit  okean  adlandırırlar.  Dünyada  ilk  dəfə  Sakit  okeanın  ən  enli  yerindən  üzüb  keçən  Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür.  Qalan  gəmilərdən  birisi  Xuan  Sebastyan  Elkanonun  başçılığı  ilə  bütün  yol  boyu  portuqaliyalılardan  gizli əvvəlcə  Moluk  adalarına  gəlir,  orada  xeyli  ədviyyat  yükləyir,  Timor  adasından  keçib böyük çətinliklərə  Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır.  

 


Magellanın başçılığı altında həyata keçirilən Birinci Dünya səyahətinin müəyyən iqtisadi səmərəsi olmasa da, tarixdə  böyük  coğrafi  nəticələr  qazanıb. 

İqtisadi  baxımdan  əsas  ədviyyat  verən  ölkələr  –  Hindistan  və digərləri yenə də Portuqaliyanın əlində qalırdı.

Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti sübuta yetirildi; Vahid Dünya okeanının mövcudluğu müəyyənləşdirildi və vaxtilə Ptolemeyin də müdafiə etdiyi «kontinental», yəni qurunun daha geniş sahə tutması baxışları özünü doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən  qərbə  dolanarkən  bir  gün  qazanırsan.  Belə  ki,  səyahətçilər  İspaniyaya  8  sentyabr,  bazar  günü gəlib cıxmışdılar,  gəminin  gündəliyində  isə  şənbə  idi.  Qısa  dövrdə  –  cəmi  yarım  əsrdə  bizim  planetimizin  avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır.  

 


Böyük Kəşflər dövrü coğrafi  təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün  xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq müəyyən edildi.         

           

Magellanın səyahəti coğrafiya elminə Yerin kürə şəklində olmasının praktik sübutunu, Sakit okeanın adını, Magellan boğazını, Odlu torpaq, Flippin Malay və s. adaları kəşf etmişdir.


Atlantik və Sakit okeanlar arasındakı dar boğaz, Süd Yolunun peyk-qalaktikaları (Magellan buludu), NASA-nın 1989-cu ildə Venera planetini tədqiq etmək üçün göndərdiyi kosmik aparat və Marşall adaları yaxınlığındakı sualtı yüksəkliklər Magellanın adını daşıyır.


Onun ailəsi haqqında çox az məlumat var,  əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub, lakin onların taleyi barədə heç bir məlumat saxlanmayıb. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da evlənib.


Magellanın ekspedisiyası səyahət zamanı getdiyi ərazilərdə ticarət əlaqələri qurmağa, yerli əhalini isə xristianlaşdırmağa çalışırdı. Onun bu fəaliyyəti uğurla davam etsə də Filippindəki Maktan adasının sakinləri ispanlara tabe olmaq istəmədilər. Belə olduqda isə Magellan və onun dənizçiləri adaya hücum edərək evləri yandırmağa, əhalini qarət etməyə başladılar. Adanın başçısı Lapu-Lapu adlı şəxs çoxlu sayda döyüşçü yığaraq ispanlara hücum edir. 28 aprel 1521-ci ildə baş vermiş Maktan döyüşündə ispanlar məğlub olaraq dənizə doğru qaçırlar. Magellan özü də qaçış zamanı Lapu-Lapu tərəfindən öldürülür.