Xəbərlər

Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər

Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində Naxçıvana gələn nümayəndə heyətinin bir qrup üzvü sentyabrın 23-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub, buradakı uşaqlarla görüşüb.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlara Naxçıvan Regional İnformasiya Mərkəzi haqqında ətraflı məlumat verilib.

 

Bildirilib ki, 2010-cu ildən fəaliyyətə başlayan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərir. Mərkəz müasir texnologiyalarla təchiz olunub. Burada oxu zalı, təlim-tədris bölməsi, audio-kitabxana, ədəbiyyat fondunun audio-formata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompüter salonu fəaliyyət göstərir. Mərkəzdə kompüterlərə Brayl displeyi, “VideoLight” böyüdücü cihazı quraşdırılıb. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə, həm də informasiyanı ora əlavə edə bilir. “Videolight” böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Görmə qabiliyyətini itirmiş insanlar burada “Kitab həvəskarı – kompakt” oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğu vasitəsilə istənilən kitabı Azərbaycan, türk, ingilis, rus və digər dillərdə səsləndirmək mümkündür.

 

Qonaqlar mərkəzdə dərs prosesini izləyib, uşaqlara hədiyyələr təqdim ediblər.