Nağıllar, hekayələr

Eşqin Məmmədov. İnam

Bizim kənd Qarabağda sıldırım dağların yamaclarında , təbiətin ən gözəl güşələrinin birində yerləşirdi. Qışda hər tərəf bəyaz qara bürünərdi , qarın saçdığı ənvər şəfəqlər hər tərəfi sübh çağı kimi işıqlandırardı. Yazda kəndimiz ilahi gözəllikdə olurdu, hər tərəf əlvan çiçəklərə bürünərdi. Sıldırım qaya yamaclarında bitən kəklikotu insanı bixoş edərdi. Turacların , kəkliklərin səsindən doymaq olmazdı. Yayda tərəkəmələr Sarı yaylaqda olardılar. Ağ sürülər , yaşıl çəmən , tütək səsi adamın zövqün oxşardı.

 

Kəndimizdə tarixi yerlər demək olar ki, başdan –başa idi . Mən həmişə həmin tarixi yerləri gəzməyi , igidlərimizin ayaq izlərinin, nənələrmizin dərin müdrikliyinin , atlarmızın zəhmətin duymağı , araşdırmağı çox sevərdim . Əsgəran qalası kəndimizin üstündə , sanki başı qarlı uca dağ kimi dayanmışdır.Onu sadəcə seyr etməklə insan ömrünü 1000 il belə artıra və mənalı edə bilərdi.Onun divarları çox möhtəşəm görünürdü , elə bilrdin Çin səddinin bir parçasıdır. Qarabağda belə tarixi abidələr həddən çox idi , ancaq alçaq ermənilər onların çoxunu bu gün daramadağın ediblər.Onların vandalizminin qurbanı təəssüf ki , tək Əsgəran qalası olmamışdır.

 

Babam Əhməd kişi , kəndin sayılıb seçilən ağsaqqallarından biri idi. Onun çox şirin , mənalı , qocalmayan söhbətlərindən doymaq bilmirdim . Babam bəzən yalan danışsa da , hamı ona inanır və onun sözünü qəribçiliyə salmazdılar. Bir dəfə məni yanına çağırıb dedi :

- Oğul o getdiyin Əsgəran qalası var ha... onun yaşı çox –çox qədimdir. Sən qulağını onun divarlarına dirəyib , sakitcə dinləsən , onu tikən bənnaların , onu mühafizə edən igidlərin qılınclarının , atların şahə qalxmış səslərini eşidəcəksən. Biraz duyğusallaşıb cavab verdim.

- Baba yaxşı mən bundan sonra diqqətli olacağam , yurdumuzun igidlərinin səsinə səs verəcəyəm.

 

Qardaşım o zamanlar Ağdamda işləyirdi . Səhv etmirəmsə Çörək muzeyində. Tarixi pis bilmirdi və mənə deyərdi ki , babamın sözlərinə çox da qulaq asmayım . O qalanı 1751 –ci ildə Pənahəli xan tikdirmişdir , qulağını ora söykəməklə də heç nə eşidən deyilsən. Ancaq hər şeyə rəğmən , mən hər gün Əsgəran qalasına gedib , qulağımı qalanın divarlarına dirəyib , sakit bir xəyala dalıb , ürəyimin səsini eşidirdim. Həqiqətən də o divarlardan o igidlərin , o insanların , qılıncların , atların səsi gəlirdi. Mən bunu eşidirdim, hiss edirdim , vallah eşidirdim. Səhər olanları uşaqlara danışanda onlar məni ələ salıb gülürdülər. Onları inandırmaq üçün , dəfələrlə onlara mənim kimi təkar etmələrini istərdim , ancaq heç nə hasil olmurdu. Nədənsə mən eşidirdim , çünki mən inanırdım , mən sidq qəlblə inanırdım ona görə eşidirdim. Ancaq sonralar o səsləri eşitmədim , bu artıq inanmadığım üçün deyil , sadəcə mən Xocalı fəryadının səslərini eşidirəm , bu mənə başaqa səsləri eşitməyə imkan vermir.