Bu maraqlıdır!

Qədim Babil şəhəri

Babil şəhəri Qədim Mesopotamiya ərazisində mövcud olmuş şəhər-dövlətlərdən biridir. Akkad dilindən tərcümədə “Tanrının qapıları” mənasını verir. Qədim dünyanın önəmli siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri, ilk meqapolis olmuşdur. 


İki çay arasında mövcud olmuş şəhər Qədim Dünyanın ən iri şəhərlərindən biri idi. Babil 1500 il mövcud olan Babilistan çarlığının paytaxtı olub.
Babilistanın hər bir şəhərində zikkurat adlanan qüllə var idi. Şəhər sakinləri buraya gələrək Marduka sitayiş edir və qurbanlar kəsirdilər. Amma Babil qülləsi ilə heç bir zikkurat rəqabət apara bilməzdi.


E.ə. 3-cü minillikdə formalaşan şəhər şumer mənbələrində Kadinqirra kimi adlandırılır. E.ə. II-I-ci minilliklərdə Babil krallığının paytaxtı olmuşdur. 


Öz tarixi ərzində Əhəmənilər, Makedoniyalı İsgəndər imperiyalarının paytaxtı, habelə Parfiya və Roma imperiyalarının tərkibində olmuşdur. Qədim zamanlardan Fərat çayı şəhəri 2 yerə bölürdü. E.ə. 3-cü əsrdən başlayaraq tənəzzül etməyə başlamışdır. Hazırda yalnız xarabalıqları qalıb və bu xarabalıqlarda çoxsaylı arxeoloji qazıntılar aparılmaqla qiymətli məlumatlar əldə edilmişdir. Babil öz qüdrəti və özünəməxsus mədəniyyəti ilə o qədər seçilirdi ki, insanlar onu “böyük”, “varlı”, “möhtəşəm”, amma eyni zamanda “mənəviyyatsız” sözləri ilə sinonim kimi istifadə etməyə başladılar.  Şəhərin adı ilə bir sıra əfsanə, dini rəvayət mövcuddur. Təsadüfi deyil ki, xristianlığın ilk illərində Roma imperiyası Yeni Babil adlandırılırdı. 


Qədim Babil dövlətinin ən qüdrətli hökmdarı Hammurapi (e.ə. 1792—1750) olmuşdur. O bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib etmişdi. Bu qanunlar qara bazalt daş üzərinə həkk olunmuşdu. 282 maddədən ibarət olan bu qanunlar külliyyatı mixi işarələrlə yazılmışdır.

 

Babilin qürub çağı eramızdan əvvəl 331-ci ilə təsadüf edir. Bu vaxt Babilin qonşuluğunda ikinci bir imperiya baş qaldırıb. Bu, Makedoniyalı İsgəndərin imperiyası idi. Həmin dövrdə Babilin sakinləri makedoniyalıların yanına elçi göndərib, bildiriblər ki, İsgəndər Babilə gəlmək istəsə, davasız-savaşsız şəhərə daxil ola bilər.


İsgəndər Babilə gəlir. Bir xilaskar kimi də qarşılanır. Bu şəhər-dövlət özünün tənəzzül dövrünü yaşasa da, əzəməti və sərvəti ilə İsgəndəri heyrətləndirir. O, bu səbəbdən də Babildə ləngiməli olub. Heç on il keçmir ki, taleyin üzü dönür. Səkkiz ilin keşməkəşlərindən yorulub əzab çəksə də, arzularını həyata keçirmək məqsədilə Babilistana qayıdır.  İsgəndər ölən kimi imperiyası sərkərdələri tərəfindən talan olunur. Babil isə bir daha böyük bir ölkənin paytaxtı 


Avropalı arxeoloqlar Babil xarabalıqlarını kəşf etdilər. Bağdaddan yüz kilometr cənubda hamar zirvəsi və sıldırımlı yamacı olan təpələr var. Yerli sakinlər bu təpələri ərazinin dağlıq relyefi sayırdılar. Təpələrin hamar yamaclarında çadır quran bədəvilər yaşayırdılar. Amma heç kəsin ağlına da gəlmirdi ki, ayaqlarının altında bütün zamanların və xalqların böyük şəhərinin xarabalıqları yata bilər. 1899-cu ildə Almaniyalı arxeoloq Robert Koldevey qazıntı işləri aparmaq üçün Səhn düzənliyinə yola düşdü. Bir neçə ildən sonra isə o, Babilin xarabalıqlarını tapan şəxs kimi tarixə düşdü.


Arxeoloqlar Qədim Babildə memarlığın inkişafından xəbər verən qala divarlarının, məbəd və sarayların qalıqlarını aşkar etmişlər. Buradan üzərində yazılar olan gil lövhələr tapılmışdır. Gil lövhələrdə mixi yazıılarla əfsanələr, salnamələr, qanunlar əks olunmuşdur.