Şeirlər

Səməd Vurğun. Azərbaycan

Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın, bağçanın barı məndədir.
Sinəm oylağıdır gözəlliklərin
Hər sevən ürəyin yarı məndədir.

 

Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dilini bağlar.
Meşəli dərələr, sal buzlu dağlar
Dağların süd kimi qarı məndədir.

 

 

İnsan bir uşaqdır, vətən bir ana,
Ömür bir çıraqdır, könül pərvanə.
Yolunuz düşdümü bizim Şirvana?
Gül açan heyvası, narı məndədir.

 

İgidlər yurdudur, bu dağ, bu aran
Bu dağlar başında qalmamış boran.
Hər təzə çiçəkdən bir şirə soran
Pətəyə bal düzən arı məndədir.

 

Ağdaşın pambığı çiçək-çiçəkdir,
Şəkinin bəzəyi şaldır, ipəkdir.
Qarabağ gözəli dünyada təkdir,
İsti yanaqların narı məndədir.

 

Ölsün bu yerlərdən ilham almayan,
Qəlbini saz kimi tutub çalmayan.
Yarışda gənclikdən geri qalmayan
Min qoca məndədir, qarı məndədir

 

 

Şirindir insanın öz azadlığı,
Könül azadlığı, göz azadlığı,
Qələm azadlığı, söz azadlığı,
Dünyanın ən böyük varı məndədir.

 

Gəldi ömrün gözəl bahar çağları
Açılmışdır könüllərin bağları.
Qarış-qarış dolan bizim dağları
Diş göynədən bulaqları məndədir.

 

Sarı limon çay üstündə dad olur,
Gözüm görür, könlüm evi şad olur.
Hansı namərd dost evinə yad olur?
Məhəbbətin vəfadarı məndədir.

 

Ötüb getdi günlərimi saymağım,
Dildən-dilə dastan oldu oymağım,
Təmiz südüm, şəkər kimi qaymağım,
Dövlətimin ixtiyarı məndədir.

 

Axşamüstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyunca.

Dağ üstündə o qərənfil, o yonca
Vətənimin laləzarı məndədir.

 

Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazır ellərimin öz əli,
Bayrağımdır uca Şərqin gözəli
Azadlığın düz qərarı məndədir.