Şeirlər

Cabir Novruz. “Mən bizim anaları günəşlə tən tuturam”

Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm
Onlara od verirəm ürəyimin odundan.
Övladların adından, oğulların adından
Əyilməz analara əyilmək istəyirəm.

 

Söz qoşmaq istəyirəm ən cavan analara,
Ömrünü bizə verib qocalan analara,
Bizə laylalarıyla xoş həyat verənlərə,
Bizə tale bəxş edib, bizə ad verənlərə,
Toyumuzu görəndə yüz il gəncləşənlərə,
Qadın adlı xilqətə, ana adlı bəşərə,
Sevgi dolu mahnılar oxumaq istəyirəm,
Nə qədər ki səsim var, oxumaq istəyirəm.

 

Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.

 

Mən bizim analara həyat səsi deyirəm,
Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm.
Hər əzaba tab edən, hər zəhmətə qatlaşan,
Torpaq ilə döyüşdə tunclaşan, poladlaşan,
Qabarlı əlləriylə bizə şöhrət gətirən,
Şərəfli ad gətirən, sonsuz hörmət gətirən
O əlləri qızıla mən tutmaq istəyirəm,
Onların heykəlini yaratmaq istəyirəm.

 

Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm
Onlara od verirəm ürəyimin odundan.
Əslimizin adından, nəslimizin adından
Əyilməz analara əyilmək istəyirəm.