Təbiət

Qaraqorum – səmaya dirənən Qara daşlar

Tibet yaylasının qərb hissəsində - şimalda Pamir və Kunlun, cənubda isə Himalay və Qanqdis arasında dünyanın ən böyük dağ sistemlərindən biri olan Qaraqorum yerləşir (türk dilində “qara” və “daşlıq” sözlərinin birləşməsindən yaranıb). Qaraqorum siyasi-administrativ cəhətdən üç böyük dövlətin – Pakistan, Çin və Hindistanın geniş ərazilərini əhatə edir. Dağ sistemi 10-15 milyon il bundan öncə Hindistan litosfer plitəsinin indiyə qədər də davam edən və Avrasiya piltəsini deformasiyaya uğradan hərəkəti nəticəsində formalaşıb.


Hündürlüyü 7-8 kilometr olan dağların sayına görə Qaraqorumun dünyada tayı-bərabəri yoxdur. Bu dağ sistemində hündürlüyünə görə Comolunqmadan sonra ikinci yeri tutan Çoqori zirvəsi (8614 metr) də daxil olmaqla 8 kilometrdən uca 4 dağ mövcuddur. Bundan başqa, Qaraqorum aşağı en dairələrində dünyanın ən iri müasir kompakt dağ buzlağı rayonudur: buzlaqlar dağ sisteminin sahəsinin 16 faizindən çox, qərbdə isə 30-50 faizə qədər hissəsini tutur. Məsələn, Himalay buzlaqları ilə müqayisədə Qaraqorum buzlaqlarının həcmi demək olar ki, azalmır. Buzlaşmanın ümumi sahəsi 15 400 kvadratkilometr, buzlaqların miqdarı isə 2300-dən çoxdur. Ən uzun buzlaqları (uzunluğu): Siaçen (76 kilometr), Biafo (68 kilometr), Baltoro (62 kilometr) və Baturadır (59 kilometr).


Dağ sistemi relyefinin və çay hövzəsinin xüsusiyyətinə görə 4 rayona bölünüb: Aqıl-Qaraqorum, Qərbi, Mərkəzi və Şərqi Qaraqorum. Sonuncu üç rayon Böyük Qaraqorumu, Aqıl-Qaraqorum isə Qaraqorumun ön şimal silsiləsini təşkil edir.


Buzlaqların bolluğuna baxmayaraq, bitki örtüyü çox yüksəyə qalxır: otlara (çobanyastığı, ensiana, zəngçiçəyi, edelveys) 5500 metr, mamır və şibyəyə isə 6500 metrədək hündürlükdə rast gəlinir. Daha aşağılarda isə tozağacı, ağcaqovaq, ağ şam və bir sıra iynəyarpaqlı ağaclar bitir.


Qaraqorumun faunası çox zəifdir. Ən böyük yırtıcısı – qar bəbiri  çox nadir heyvan sayılır. Otyeyən heyvanlar arasında bir metr buynuzları olan vəhşi öküz, köpgər, dağkeçisi, vəhşi yak, oronqo antilopu, ada antilopu, vəhşi eşşək, gəmiricilər arasında isə dovşan geniş yayılıb. Dağ silsiləsi qayalarda yuva quran yırtıcı quş növləri ilə zəngindir, dağ ətəklərində isə saca, Tibet uları, kəklik, oraqdimdik, ağdöş göyərçin, qırmızı vürok məskunlaşıb.


Bu ərazilərdə yaşayan insanlar arasında İslam dini geniş yayılsa da, qədim inanclar – animizm və əcdadların kultu da qorunub saxlanılıb.


Qaraqorum ərazisində cəmiyyətin əsasını kənd icması təşkil edir. Burada məhsuldar torpaqlar çox azdır. Dərin dağarası vadilərdə süni suvarma vasitəsilə əkinlə məşğul olmağa imkan verən quru və isti iqlim hökm sürür. Vadilərdə ənənəvi məşğuliyyət isə əl əməyi ilə əkinçilik, dənli bitkilərin becərilməsi, tərəvəzçilik, bağçılıq və üzümçülükdür.


Bu dağ sisteminin Pakistan ərazisində yerləşən şiş zirvələri bütün dünyadan gələn alpinist ekspedisiyalarını özünə cəlb edir. Zirvələrinin fəthi dünyanın bütün dağları arasında insan həyatı üçün ən təhlükəlisi hesab olunur. Burada turistlər arasında Qaraqorum şosesi ilə velosiped marşrutu da çox populyardır. Həmin şosesinin tikintisi təxminən 3 milyard dollara başa gəlib.