Nağıllar, hekayələr

Şir və dovşan

Qalın meşədə bir şir yaşayırdı. Bu şir çox zalım heyvan idi, əlinə keçən heyvanı parçalayıb yeyirdi. Heyvanlar şirin əlindən lap zinhara gəlmişdilər. Günlərin bir günü onlar bir yerə yığıldılar. Belə qərara gəldilər ki, şirə hər gün bir heyvan versinlər yesin, onlara dəyib dolaşmasın. Dovşanı şirin yanına göndərdilər. Dovşan təklifini şirə söylədi. Şir razı oldu, razılaşdılar.

 

Bəli, heyvanlar hər gün çöp atırdılar, çöp kimə düşsə onu şirə verirdilər, yeyirdi. Belə-belə bir müddət gəlib keçdi, növbə dovşana düşdü. Dovşan orda-burda girləndi, axşama kimi şirin yanına getmədi. Ac qalan şir çox qəzəbləndi. Axşam dovşan onun yanına getdi. Şir onu parçalamaq istəyəndə dovşan dedi:

 

- Acığın tutmasın, məndə günah yoxdu. Sənə yeməyə bir dovşan gətirirdim, bir şir əlimdən alıb yedi.

 

Şirin ağzı köpükləndi, dedi:

 

- O hansı şirdir? Nə hədlə mənə gətirilən dovşanı alıb yeyib? Tez ol yerini de.  Gör onu necə  parça-parça eləyirəm.  Dovşan şirin qabağına düşüb, bir su quyusunun başına gətirdi və  dedi:

 

- Şir bu quyunun içinə girdi.

 

Şir quyuya baxanda suda öz əksini gördü.  Elə bildi ki, dovşanı yeyən şirdir. Özünü quyuya atdı, suda boğulub öldü. Heyvanların da canı onun zülmündən qurtardı.