Qarabağ

Kəlbəcər - İstisu mineral bulaqları

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İstisudur.


İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. 

 

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.


Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynisidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.


O, zamanın ən görkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu müalicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.


İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edirdi.


Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına külli miqdarda vəsait xərclənir. Hətta xarici şirkətlərin köməyindən də istifadə olunur. Təbii bulaq olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu. 

 

Bu mineral bulaqların suyu müalicə məqsədilə içilir və ondan vanna kimi istifadə edilir. İstisu kurortunda mə`də-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə olunurlar. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraiyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.