Mədəni irsimiz

Mirzə Fətəli Axundzadə (1812-1878)

Mirzə Fətəli Axundzadə  yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.


Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.


Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.


1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.


M.F. Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.


O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundzadənin dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.


M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.


M.F.Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.