Şeirlər

Məhəmməd Hadi. “Türkün nəğməsi”

Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 
Dörd ildə verilmiş bu qədər can hədər olmaz, 
Məfkurə yolunda tökülən qan hədər olmaz.

 


Qiymətli olan xuni-şəhidan hədər olmaz, 
Dul qalmış olan növheyi-nisvan hədər olmaz, 
Bax sən sonuna, himməti-türkan hədər olmaz, 
Bədbəxt olan əfğani-yetiman hədər olmaz.

 


Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 
Qan ilə qazandıq zəfəri, verməriz əldən, 
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən.

 


Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, 
İstərsə cahan çevrili varsın da təməldən. 
Türkün üzü çevrilməyəcək səmti-əməldən 
Türklər geriyə dönməyəcək müslih əməldən. 

 


Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?