Odlar Yurdu

Sümük kimi möhkəm “Sumuq qala”

Tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” və ya “Sumu qala” adı ilə tanınan bu müdafiə qülləsi Qax rayonunun İlisu kəndi ərazisində, Kürmük çayının sol sahilində yerləşir. Qala Dağıstandan İlisuya qədər dağların yamacları və dərələrlə uzanan ticarət və hərbi əhəmiyyətli yolun (cığırın) Qaxa burulduğu yerdə tikilib.
Sümük kimi möhkəm olduğu üçün yerli əhali onu “Sumuq qala” adlandırır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz edilir. Ölçüləri 6,22 metr x 6,02 metr olan qala kvadrat şəklindədir. Müdafiə qülləsinin tikintisində çay daşı və əhəngdən istifadə olunub. Qalanın divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilib yuxarı qalxdıqca ensizləşir.
Divarların qalınlığı yer səthində 70-80, yuxarı mərtəbələrdə isə 60-70 santimetrdir. Qüllənin iki mərtəbəsində hər divarın ortasında eni 80 santimetr olan pəncərə yeri, onların yanlarında mazğallar yerləşir. Üçüncü mərtəbədə yalnız günbatan tərəfə bir pəncərə yeri  var. Orada mazğallar elə yerləşdirilib ki, qüllənin künclərindən və yanlarından gözlənilən hücumların qarşısını almaq mümkün olsun.
“Sumuq qala”nın tikilməsi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk dövrlərdə sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. Qafqaz müharibələri dövründə bu cür müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı. Belə müdafiə qüllələrinə Gürcüstanın dağlıq rayonlarında, Dağıstanda və Şimali Qafqazda da rast gəlmək mümkündür. Onlar adətən evlərə bitişik və ya evin yanında köməkçi müdafiə qurğusu kimi tikilirdi.
İllər öz sözünü deyir. Qalanın bişmiş kərpicdən tikilmiş axırıncı mərtəbəsi və dam örtüyü uçub tökülmüş, aşağı hissəsi selin gətirdiyi qum-çınqılla, torpaqla dolmuşdu. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına “Sumuq qala”da bərpa işləri başlanıb. Qalanın torpaq altında qalan hissəsi təmizlənib, sel-suların zərər vurmaması üçün qüllənin yanında suötürücü kanal tikilib, qalaya aparan yola daş örtük döşənib.
Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin “İlisu sultanlığının tarixi” adlı filialı  fəaliyyət göstərir. “Sumuq qala” rayona gələn yerli və xarici turistlərdə xüsusi maraq doğurur. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.