Bu maraqlıdır!

Beynəlxalq Kosmik Stansiya (BKS)

 
Beynəlxalq Kosmik Stansiya (BKS) 1999-cu ildən fəaliyyət göstərir. ABŞ, Rusiya, Avropa və Yaponiyanın müştərək layihəsi olan bu pilotlu orbital stansiyadan çoxşaxəli kosmik tədqiqat kompleksi kimi istifadə edilir.
 
BKS-yə  14 əsas modul, o cümlədən  Rusiyanın “Zarya”, “Zvezda”, “Pirs”, “Poisk”, “Rassvet”, ABŞ-ın “Yuniti”, “Destini”, “Kvest”, “Trankviliti”, “Kupola”, “Leonardo”, “Harmoniya”, “Kolumbus” və Yaponiyanın “Kibo” modulları daxildir.
 
Bütün bu modullar Yerdə toplanıb və  stansiya yaratmaq üçün kosmosa göndərilib. Yüklərin orbitə və geriyə - Yer kürəsinə daşınması üçün əlavə üç modul da mövcuddur.  
 
Bu modulların hər birində  tədqiqat laboratoriyaları, təsərrüfat otaqları, anbarlar, yataq yerləri, trenajorlar yerləşir. Müxtəlif elmi eksperimentlər üçün nəzərdə tutulan ən böyük modul Yaponiyaya məxsusdur.
 
2010-cu ildə hesablanıb ki, Beynəlxalq Kosmik Stansiyanın tikintisinə və istismarına 150 milyard dollardan çox vəsait xərclənib, yəni BKS bəşəriyyətin tarixində ən bahalı layihədir.
 
Kosmik stansiyanın ümumi çəkisi 417 tondan çoxdur. Onun içərisi silindr formalı dar dəhlizləri xatırladır. BKS Yerdən 400 kilometrdən çox məsafədə yerləşir. Stansiyanın bayır tərəfində günəş enerjisindən qidalanan və stansiyanı elektriklə təmin edən batareyalar quraşdırılıb. Burada çəkisizlik və vakuum tələb edən elmi tədqiqatlar aparılır.
 
Kosmonavtların gördüklərini sadə Yer sakinlərinin də görə biləcəklərini bu yaxınlara qədər təsəvvür etmək belə olmazdı. Amma indi kosmik stansiyalar fasiləsiz işləyərək, bizə bu imkanı yaradan veb-kameralarla təchiz edilib.
İndi onlayn-rejimdə  ulduzları seyr etmək, Yer kürəsini və kosmik fəzanı  müşahidə etmək olar.
 
BKS orbit üzrə saatda 27700 kilometrə çatan çox böyük sürətlə uçur. Yer ətrafında 92 dəqiqə ya bir dövrə vuran stansiya, gün ərzində təqribən 16 dəfə Yerin başına dolanır.  Bu, o deməkdir ki,  kosmonavtlar günəşin batmasını və doğmasını, eləcə də  gecə və gündüzü  24 saat ərzində 16 dəfə müşahidə edə bilirlər.
 
Yarandığı gündən BKS-də 28-dən çox ekspedisiya olub.  BKS-dən təkcə qitə və okeanları deyil, həm də  şəhərləri, dağları, habelə qasırğa, ildırım çaxması ilə müşayiət olunan tufan və ulduzların şəfəqi kimi təbiət hadisələrini seyr etmək olar. Stansiyanın orbitindən çəkilən fotoşəkil və videoların çoxu planetimizin kosmosdan göründüyünü göstərir.