Təbiət

Cənubi Amerika rekordlar qitəsidir

Cənubi Amerika o qədər də böyük olmayan ərazisində çoxlu rekordlar toplayıb: dünyanın ən hündür şəlaləsi, ən  böyük yüksək dağ gölü, ən uzun dağ silsiləsi, ən bol sulu çayı, ən böyük ovalığı və ən böyük həmişəyaşıl meşəsi!  Planetimizdə ölçüsünə və əhalisinin sayına görə dördüncü olan materik Təbaşir dövründə (bu dövr Mezozoy erasının son dövrüdür) Qondvana materikinin bir hissəsi olub. Sonralar bu materik Afrika, Avstraliya və Antarktidaya parçalanıb.
 
Qədim  kontinent parçalanandan sonra Cənubi Amerika hər tərəfdən okean suları ilə əhatə olunub. Onun ərazisində qeyri-adi dırnaqlı məməlilər yaşayıb. Bu məməlilərin bəziləri kərgədanlara və begemotlara bənzəyib, bəziləri isə ayı boyda gəmiricilər olub. Üç milyon il əvvəl Cənubi və Şimali Amerika birləşib. Cənubi Amerikanın ərazisinə yeni heyvanlar köçüb, Cənubi Amerika  dırnaqlıları isə tələf olub. Şimali və Cənubi Amerikanın nəhəng  massivləri arasında əmələ gələn bərzəx Mərkəzi Amerika adlanır. Mərkəzi Amerika  geoloji və coğrafi baxımdan  Şimali Amerikanın bir hissəsidir.    
 
XX əsrin əvvəllərində  kontinentlər  yenə də ayrılıb. Panama bərzəxini Atlantik və Sakit okeanları birləşdirən kanal çəkilib. İndi bu qitələri 150 metr uzunluğunda  su zolağı ayırır.  Qvatemala, Beliz, Salvador, Honduras, Nikaraqua, Kosta-Rika, Panama, üstəlik Meksikanın bir hissəsi Mərkəzi Amerika ölkələridir. Mərkəzi Amerikanın kiçik ölkələrinin əsas sərvəti iqlimdir. Burada ilboyu isti və rütubətlidir.  Mərkəzi Amerikanın meşələrində növbənöv bitkilər və heyvanlar, o cümlədən yaquar, yenot və armadillərə təsadüf olunur. Mərkəzi Amerikanın dağ silsilələri arasında yerləşən münbit torpaqlarda qəhvə, paxla və digər tropik bitkilər yetişdirilir. 
 
Adına baxmayaraq, Cənubi Amerika Cənub və Şimal yarımkürələrində yerləşir. Evkator onun şimal hissəsini kəsib keçir. Qitənin şimalında həmişəyaşıl ekvatorial və tropik meşələr bitir. Portuqal dilində  onları “selva” adlandırırlar.  Burada subtropik meşələri əvəzləyən savannalar ”lyanos” (ispan dilində “düzənlik” deməkdir) adlanır.  Burada hündür otlar və nadir kolluqlar bitir. 
 
Qitənin cənub qurtaracağında soyuqdur. Bura qütb dairəsi yaxınlığında olan  sahədir. Onu Antarktidadan cəmi min kilometr ayırır. Qərbdə Sakit okeanın, şərqdə isə Atlantik okeanın cərəyanları qitənin iqliminə təsir göstərir. Qitəni  qərbdən və şimaldan And dağları əhatə edir.  Nəhəng dağ silsilələri Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentinanın ərazilərindən keçir. Bu gənc dağ sistemində fəal vulkanlar var. 
 
Dünyanın ən böyük çayı Amazonka çayı öz başlanğıcını And dağlarından götürür. Onun mənbəyi yüksək dağ buzlaqları və qarın suyu ilə qidalanır. And dağlarında  marallar, eynəkli ayılar, mavi tülkülər, tuko-tuko gəmiriciləri, kondorlar, şinşillalar, çomqalar, ilməquyruqlu  meymunlar, lamalar, alpakalar, 700-dən çox amfibiya  və 1700 quş növü var.
 
Bu dağlar kartofun, pomidorun, kinə ağacının  və xeyli nadir bitkinin vətənidir.  And dağlarının şərqində şimaldan cənuba doğru düzənliklər və yaylalar uzanır. Orinoko düzənlikləri çayın deltasında yerləşən savanna və bataqlıqdan ibarətdir.  Onları Qviana yaylası əvəzləyir.  Cənubi Amerika çaylarının çoxu öz başlanğıcını buradan götürür. Qviana yaylası kauçuk, almaz və qızıl diyarıdır. Lakin cəngəlliklərlə örtülməsi səbəbindən az məskunlaşıb. Meşələrdə hələ də sivilizasiyadan uzaq hindi qəbilələri yaşayır. 
 
Amazon ovalığı Yer kürəsinin ən böyük ovalığıdır. Onun sahəsi 5 milyon kvadratmetrdir. Burada isti və rütubətlidir. Çətin keçilən, bu səbəbdən də az məskunlaşan meşələrdə yalnız çaylar ilə hərəkət etmək olar. Bu çayların arasında ən başlıcası, şəksiz, Amazondur.   Planetimizin “ağ ciyərləri” sayılan  Amazon meşələri son illər xeyli qırılıb. Bitkilərlə bərabər, çoxlu heyvanın nəsli kəsilib. Nəsli kəsilən heyvanların çoxu, əslində, öyrənilməyib. 
Amazoniyadan cənubda sıx məskunlaşan Braziliya yaylası yerləşir. Cənubi Amerika torpaqları  zəngindir, özünəməxsus və qeyri-adidir. Bu qitənin hər bir ölkəsi nə iləsə şöhrət qazanıb.  Məsələn, dünyada ən yaxşı qəhvə Kolumbiyada yetişdirilir. Venesuela neftlə zəngindir. Yer üzündə ən hündür Anhel şəlaləsi onun daha bir qürur mənbəyidir. Kotopaxi (5911 m) hündürlüyünə görə  Ekvadorun  ikinci zirvəsi  və ölkənin ən böyük fəal vulkanıdır. Brazliya qitənin ən böyük ölkəsi, habelə  sahəsinə və əhalisinin sayına görə dünyanın beşinci ölkəsidir. Bu ölkə Cənubi Amerikanın, demək olar, yarısını tutur. Braziliya Portuqaliyanın müstəmləkəsi olub və hazırda bu ölkədə portuqal dilində danışırlar.  Dünyanın heç bir ölkəsində Braziliyada olduğu qədər şirin suda yaşayan balıq (300 növdən çox)  və meymun (təqribən 77 növ)  yoxdur. 
 
Cənubi Amerikanın sahəsinə görə ikinci  ən böyük ölkəsi Argentinadır. Onun paytaxtı Buenos-Ayres qitənin ən iri şəhəridir.  Burada 12 milyondan çox adam yaşayır.  Argentinanın mal əti heç də Ekvador bananlarından az tanınmır. Peru və Boliviya aborigen hindilərin böyük əksəriyyət təşkil etdiyi ölkələrdir. Planetimizin ən quraqlıq yeri - Atakama  səhrası Çilidə yerləşir. Paraqvay öz çay plantasiyaları, Uruqvay qauço çobanları və oynaq rəqsləri, Qayana  şəlalələri ilə şöhrət tapıb. Qayanada və qitənin ən kiçik ölkəsi Surinamda Hindistan, İndoneziya və başqa ölkələrdən köçkünlər məskunlaşıblar.  Surinamın paytaxtı Paramaribonun tarixi mərkəzi və ölkənin mərkəzindəki  tropik meşələr  UNESCO tərəfindən mühafizə olunur. 
 
Cənubi Amerika ölkələrinin heç də hamısı müstəmləkə asılılığından azad olmayıb.  Qviana Fransaya məxsus regiondur. Fransızlar inqilabçıları bura katorqaya göndəriblər. Lakin ölkənin əsas əhalisini Afrikadan gətirilən qulların nəsilləri təşkil edir.  Atlantikanın cənubunda Cənubi Georgiya və Sandviç  adaları yerləşir. Bu adalar qrupu Böyük Britaniyaya məxsusdur. Qryutviken adaların inzibati mərkəzi  və dünyanın ən cənub paytaxtıdır.  Adalarda  hava sərtdir. Əvvəllər burada suiti və balina ovçuları yaşayıb. İndi isə  elmi ekspedisiyalar işləyir. Burada nəhəng pinqvin dəstələri yaşayır. Turistlər yavaş-yavaş axıb okean sularına qarışan qletçerlərə, aysberqlərə, fiordlara, bu yerlərin heyvanlarına tamaşa etmək üçün həmin adalara gəlirlər.