Nağıllar, hekayələr

Heraklın üçüncü qoçaqlığı. “Heraklın Eriman qabanına qalib gəlməsi”

Herakl qorxaq padşaha nökər olduğu günə lənət oxudu, ancaq günahlarını yada salıb, özünə toxtaqlıq verdi: yəqin ki, bir gün gələcək, ilahlar onun günahını bağışlayacaqlar, canı bu nökərçilikdən qurtaracaq. Bu düşüncələrlə Herakl İolayın üzündən öpüb öz evlərinə göndərdi və növbəti səfərə hazırlaşmağa başladı.

 

Eriman qabanını axtarmağa yollanan Herakl xeyli yol gedəndən sonra gəlib zirvəsi buludlara dirənən sərt Folos dağlarına yetişdi və dağ cığırları ilə üzü yuxarı dırmaşmağa başladı. Amma Herakl nə qədər yuxarı dırmaşırdısa da, zirvəyə yetişə bilmirdi; sanki, qarşısındakı dağlar daha da ucalırdı. O, bərk susamışdı. Odur ki, dayanıb ətrafa qulaq asdı, yaxınlıqda çay axıb-axmadığını öyrənmək istədi, lakin Herakl su şırıltısı əvəzinə kişnərti və at ayaqlarının səsini eşitdi. Çox keçmədən dağın döşündə böyük bir kəhər at göründü. O, üzü yuxarı elə bərk qaçırdı ki, ayaqlarının altından qopan daşlar ildırım sürətilə ətrafa sıçrayırdı. At kişnəyir, onun üstündə oturan adam isə  çığıraraq əllərini havada oynadırdı. Herakl elə başa düşdü ki, atlı əl eləyib onu səsləyir. Herakl əlini gözünün üstünə qoyub kəhər ata diqqətlə baxdı və gördüyü mənzərədən o qədər heyrətə gəldi ki, az qaldı çığırsın. Onun gördüyü at yox, əsl kentavr idi. Bu məxluqun gövdəsi və ayaqları ata, başı və qolları isə insana bənzəyirdi. Herakl isə uzaqdan bu vücudu atın üstünə minmiş insan hesab etmişdi.

Herakl bu qəribə məxluqu seyr etməkdə ikən insan-at çəmənlikdə dayandı və əllərini ağzına tutub bərkdən çığırdı. Hər tərəfdən kolların xışıltısı eşidildi. Kentavrlardan ibarət böyük bir ilxı toz qaldıraraq aramla Heraklın yanından ötüb keçdi. Gördüyü mənzərəyə heyran qalmış Herakl onların ardınca getdi.

 

Çox keçmədən o, kiçik bir palıd meşəsinə gəlib çıxdı. Burada ağacların arasında iri çay daşlarından tikilmiş və damları şax-şəvəllə örtülmüş daxmalar görünürdü. Orada-burada maral kəllələri və yığın-yığın sümük tökülüb qalmışdı. Daxmalardan birinin yanında arxası Herakla tərəf kök, qara bir kentavr dayanmışdı. O, saqqallı başını yuxarı dartaraq uca bir ağacdan yarpaq dərib ağzına dürtür, quyruğunu yavaş-yavaş yellədərək milçəkləri və mal çibinlərini qovurdu. Herakl ehtiyat üçün əlini qılıncının dəstəsinə aparıb ucadan kentavrı səslədi.

 

Kentavr səs gələn tərəfə döndü və Heraklı görüb çaparaq onun yanına gəldi. Herakl kentavrın dil bilmədiyini güman edib yemək və su içmək istədiyini işarə ilə ona göstərdi. Lakin kentavr təmiz yunan dilində danışmağa başladı. O, Heraklı ortasında kiçik bir tonqal yanan kasıb daxmasına apardı və onu qızarmış ətə qonaq etdi. Qonaq yeyərkən ev sahibi də çiy maral ətini parça-parça qoparıb ağzına dürtür, qığırdaq yerlərini də dişlərinin altında xırçıldadaraq çeynəyirdi. Bu mehriban kentavrın adı Fol idi. O, Heraklı sorğu-suala tutdu, kim olduğunu, haradan gəlib haraya getdiyini soruşdu. Qəribə Kentavr Heraklın yaraşıqlı cəngavər libasına, qalxanına və qılıncına heyrətlə tamaşa edirdi.

 

Herakl doyunca yeyib sonra su istədi. Mehriban Fol Heraklın xahişini eşidib təəccübləndi; evdə su saxlamağın nə mənası varmış ki? Kentavrların su saxlamaq üçün qabları belə yox idi. Kentavrlar susadıqda çapa-çapa yaxınlıqdakı çaya gedir, orada adi atlar kimi su içərdilər. Kentavr Heraklı inandırırdı ki, həmin çay lap yaxınlıqdadır. Lakin Herakl çox yorulduğu üçün oraya getməkdən imtina etdi. Bunu görən Fol göz vurub dedi ki, qoca kentavr Xironun daxmasında bir çəllək şərab var. Amma o, müqəddəs içkidir, onu şərab ilahı Dionis özü kentavrlara bağışlayıb və Xironun icazəsi olmadan onlardan heç biri cürət edib həmin şərabdan dada bilməz. Fol şərabdan danışarkən dodaqlarını elə ləzzətlə marçıldatmağa başladı ki, Heraklın susuzluğu daha da şiddətləndi. Fol dedi ki, Herakl qonaq olduğu üçün özü gedib çəlləkdəki şərabdan istədiyi qədər içə bilər; kentavrların qonaqpərvərlik qaydaları buna yol verir. Fol Herakla kələk gəlirdi. O, çox gözəl bilirdi ki, müqəddəs içkinin saxlandığı çəlləyə kim toxunsa, Xironun qəzəbinə tuş gələ bilərdi, lakin özünün də könlü şərab istədiyindən qonağın əlilə çəlləkdəki şərabdan dadmaq həvəsinə düşmüşdü. İş bərkə düşərsə, bütün günahı qonağın boynuna yıxmaq olardı.

 

Herakl Folun kələyini başa düşmədi. Xironun boş daxmasına girib çəlləyi açdı və şərabdan ovuclayıb içməyə başladı. Fol da fürsəti fövtə vermədi, onun yanında durub başını çəlləyə salaraq acgözlüklə şərabdan içməyə girişdi. Onlar xeyli kef elədilər.

 

Digər kentavrlar uzaqdan şərabın iyini duyub işin nə yerdə olduğunu başa düşdülər. Onlar qəzəb içində Xironun evinə tərəf qaçmağa başladılar. Çağırılmamış qonaqları daş-qalaq etmək üçün yolüstü qayalardan parça-parça daşlar da qoparırdılar.

 

Qəzəblənmiş qardaşlarının kişnəməsini və çığırtısını eşidən Fol işi başa düşüb daxmadan çıxdı. Heç bir şeydən xəbəri yoxmuş kimi sakit-sakit palıd ağaclarının arasındakı çəmənlikdə otlamağa başladı.

 

Herakl daxmadan çıxmaq istəyirdi ki, daşlar dolu kimi onun üzərinə yağaraq zərblə daxmanın divarlarına dəyməyə başladı. Heç nə başa düşməyən Herakl  kentavrlara qışqırdı ki, ona daş atmasınlar, lakin qəzəblənmiş kentavrlar Herakla qulaq asmadılar. İşi belə görən Herakl kamanını boynundan çıxardı, zəhərli oxlarla kentavrları vurmağa başladı. Kentavrlardan ikisi, ya üçü ox dəyən kimi yıxılıb öldü, qalanları isə bu kiçik oxlardan qorxub geri çəkildilər. Zəhərli oxlardan biri kentavrların ən qüvvətlisi və ağıllısı olan Xironun dırnağına dəymişdi. O, zəhərin acısından dəhşətlə çığırdı. Bunu eşidən bütün ilxı qaçmağa üz qoydu. Kentavrlar fınxıra-fınxıra bir-birini itələyərək ensiz dağ cığırı ilə dəhşət içində üzüaşağı qaçırdılar.

 

Daxmaların yanında tək qalan Fol Heraklın atdığı oxlardan birini yerdən götürüb gözdən keçirməyə başladı. O bu kiçik şeyin qardaşlarını necə öldürdüyünü başa düşə bilmirdi. Fol özü də hiss etmədən oxun iti ucu ilə əlini cızdı. Dəhşətli zəhər onun qanına işləyib sadəlövh kələkbazı öldürdü. Kentavrları qovub qayıdan Herakl yazıq Folun soyumuş cəsədini görüncə xeyli kədərləndi və onu torpağa basdırıb yoluna davam etdi.

 

Herakl dincəlmədən xeyli məsafə qət edərək, nəhayət, gəlib Eriman qabanının gizləndiyi yerlərə çatdı. Lakin qorxunc heyvandan əsər-əlamət yox idi. Herakl dağın döşündə, böyük bir ağacın yanındakı çırpı torbasının üstündə oturdu. Lakin o oturan kimi çır-çırpı yığını hərəkətə gəldi və xorultu eşidildi. Elə bu an çır-çırpının ortasından qabanın yekə başı göründü. Herakl dərhal kənara sıçradı. Eriman qabanı silkələnib ayağa qalxdı və çırpı damını ətrafa səpələdi. O, böyük inək boyda idi; xırda gözlərinə qan dolmuş, belindəki tüklər dimdik qalxmış, irəliyə əyilmiş iri dişləri düz Heraklın qarnına tuşlanmışdı. Qaban o qədər böyük və ağır idi ki, Heraklın üzərinə atılsaydı, onu yerə sərəcəyinə heç bir şübhə yox idi.

 

Qəhrəmanımız nə qədər qüvvətli olsa da, bu qorxunc heyvanla dərhal təkbaşına çarpışmağa cürət etmədi. İldırım sürətilə kənara atıldı və yoğun bir palıd ağacının arxasında gizləndi. Qaban quduzcasına ağaca doğru şığıyıb iri dişləri ilə onu gəmirməyə başladı. Qəzəblənmiş qabanın ağzından köpük tökülürdü. Endirilən zərbələrin şiddətindən ağacın gövdəsi cırıldayır, yarpaq və qozaları isə yağıştək ətrafa səpələnirdi. Eriman qabanı gah geri çəkilir, gah da irəli atılıb zərbələr vuraraq yüzillik palıdın gövdəsini didib tökürdü. O, mütləq Heraklı yaxalamaq istəyirdi. Herakl isə hədər yerə qılıncı ilə qabanın böyrünü yaralamağa can atırdı. Onun zərbələri yalnız qabanın dərisini yüngülcə cızır, öldürücü yara aça bilmirdi. Aldığı hər bir qılınc zərbəsindən bu qorxunc heyvan daha da qəzəblənirdi.

 

Eriman qabanı inadla ağacı silkələməkdə idi. Nəhayət, nəhəng ağac sarsıldı və ətrafdakı cavan ağcaqayın ağaclarının iri budaqlarını qıraraq gurultu ilə yıxıldı.

 

Yaxşı ki, Herakl fürsət tapıb özünü kənara ata bildi, yoxsa yıxılan ağacın altında qala bilərdi. Bu təhlükədən qurtulmağa müvəffəq olan Herakl qəfildən qəzəblənmiş qabanla üz-üzə gəldi. Günəş şüalarının əlindəki qalxanın hamar səthinə düşüb əks etdiyini görən Heraklın ağlına gəldi ki, bundan istifadə etsin. Qalxanı yüngülcə oynadıb şüanı qabanın qan dolmuş gözlərinə yönəltdi və eyni zamanda da bərkdən çığıra-çığıra toppuzunu qalxana vurmağa başladı.

 

Günəş şüalarının parıltısından gözləri qamaşan və bağırtı-cingiltidən hürküyə düşən Eriman qabanı geri dönüb möhkəm böyürləri ilə yüzillik palıd ağaclarını yıxa-yıxa dağ yuxarı qaçmağa üz qoydu. Heyvanın boğuq xorultusu bir qədər Nemey şirinin nəriltisini xatırladırdı. Herakl dayanmadan toppuzu qalxana vurur və dəhşətlə çığıra-çığıra qabanı qovurdu. Qəzəbli qaban bir neçə dəfə dayanmaq istəsə də, hər dəfə Herakl qalxanın parıltısı və öz bağırtısı ilə onu qorxudub yenidən qaçmağa məcbur edirdi. Bu minvalla, Herakl və qaban dağın qalın qarla örtülü zirvəsinə gəlib çatdılar. Burada Herakl elə qulaqbatırıcı səslə çığırdı və toppuzu qalxana elə bərk döyəclədi ki, hürkmüş heyvan yumşaq qarın içərisinə atılaraq qulağına qədər qara batdı. Qaban nə qədər çırpındısa da, nə qədər xoruldadısa da, dərin qar topasının içindən çıxa bilmədi.

 

Herakl Nemey şirinin dərisini qabanın qorxunc başına saldı. Heyvanın ayaqlarını zəncirlə möhkəm bağladıqdan sonra bu nəhəng cəmdəyi zorla çiyninə aldı. Onu dağdan endirib Evrisfeyin hüzuruna apardı.

 

(Ardı var...)