Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Sehrli mücrü

Biri vardı, biri yoxdu... Yox, ay uşaqlar ikisi də vardı. Bu dünyada əkiz bacılar vardı. Onlardan birinin adı Sehri, o birinin isə adı Mehri idi. Onlar ucqar dağ kəndində yaşayırdılar. Sehri qoçaq, Mehri isə tənbəl idi. Sehri odun daşıyar, sobanı qalayar, səhər yeməyi hazırlayardı. Sonra tənbəl Mehrini yuxudan oyatmağa çalışardı ki, səhər naharlarını etsinlər. Lakin tənbəl Mehrini oyatmaq asan deyildi. Oyanmaq istəmirdi ki, istəmirdi. Belə vaxtlarda Sehri onun üçün oxuyardı;

Tənbələ bax, tənbələ,
Yatır, yatır, hey yatır.
Yuxusunda görür ki,
Muncuq alır, zər satır.

Mehrinin bu mahnıdan xoşu gəlməz, bacısına hər dəfə qadağa qoyardı ki, daha bu mahnını oxumasın. Və bir səhər Sehri nə qədər çalışsa da tənbəl Mehrini yuxudan oyada bilmədi. Gözlədi ki, bacısı yuxudan oyansın.

***

Sehri darıxdı. Su qabını götürüb çaya su gətirməyə getdi. Çaya çatanda musiqi səsi duydu. Diqqətlə qulaq asdı. Düzdür, səhv salmayıb, kim isə sanki hansısa sehrli mahnı çalırdı. Sehri ilk dəfə idi ki, belə gözəl mahnı eşidirdi. Və birdən suyun üzündə bir mücrünün üzdüyünü gördü. Mücrü ona sarı gəlirdi. Mücrü oxuyur və deyirdi:

Qapağımı aç, qapağımı,
Bax, o zaman görərsən...

Mücrü Sehriyə çatdı. Sehri mücrünü suyun üzündən götürüb evə gətirdi.

***

Tənbəl Mehri hələ yatırdı. Sehri mücrünü yerə qoydu ki, bacısını oyatsın və mücrünü Mehriyə göstərsin. Elə bu zaman mücrü oxumağa başladı.

Qapağımı aç, qapağımı,
Bax, o zaman görərsən...

Səs o qədər gözəl idi ki, tənbəl Mehri musiqi səsinə yuxudan oyandı. Mehri yorğan -döşəyin içərisindən qalxmadan soruşdu?
– Bu nədi belə, Sehri.
– Mücrü.
– Hardan tapdın?
– Çaydan.
– Ay qız, o nə deyir elə?
– Deyir, Mehri durub mənim qapağımı açsın. Mehri tənbəlliyindən ayağa qalxmadı. Yanındakı çomağın köməkliyi ilə qapağı açmaq istədi. Mücrünün qapağını çomaq vurub qırdı. Sehri güldü. Mehri qorxudan yorğanı başına çəkdi.

***

Sehri mücrüyə yaxınlaşdı. Mücrünü əzizləməyə başladı.

Gözəl mücrü,
ağıllı mücrü,
Açıl-açıl...l...
sehirli mücrü.

Sən demə mücrüyə elə bu sözlər lazım imiş ki, qapağı açılsın. Cingiltili zınqırov səsi gəldi. Mücrünün qapağı açılmağa başladı. Mücrünün qapağı açılan kimi qızıl bir mirvari düzümü Sehrinin boynuna dolandı. Bunu görən tənbəl Mehri zirək qızlar kimi qalxıb mücrünü qucaqladı.
– Bu mənim mücrümdür!-deyib onun qapağını açdı ki, qızıl mirvari götürsün. Amma gördü ki, mücrü boşdur.
Tənbəl Mehri mat-məəttəl bacısının üzünə baxdı. Sehri mahnını yenidən oxudu:

Gözəl mücrü,
ağıllı mücrü,
Açıl-açıl...l...
sehirli mücrü.

Mücrü açıldı və bir qızıl mirvari yenidən onun boynuna dolandı. Sehri Mücrüdən soruşdu:
Gözəl mücrü, ağıllı mücrü, sehirli mücrü, – bəs niyə Mehriyə, mənim bacıma boyunbağı vermədin?
Mücrü oxuya-oxuya diləndi:
Tənbəlləri sevmirəm,
Sevmirəm a..a..sevmirəm.
Kim tənbəldi mən ona
Boyunbağı vermirəm.
“Qoy o mənə söz versin ki, daha tənbəllik etməyəcək. Bax o zaman mən də ona qızıl mirvari hədiyyə edəcəyəm”.
Və o gündən Mehri tənbəlliyin daşını atdı. Mücrü onlara qızıl mirvari hədiyyə verib, yeni tənbəlləri axtarmaq üçün çaya sarı yollandı. Mücrümüz suya getdi. Nağılımız burda bitdi.

(“Merinin nağılları dünyası” kitabından)