Bu maraqlıdır!

Əfsanəvi dəniz səyyahı

Amerika qitəsini hər kəs tanıyır. Amma XV əsrin sonlarında Avropada bu yerlərdən heç kimin xəbəri yox idi. İtaliyanın Genuya şəhərindən olan əfsanəvi dəniz səyyahı Xristofor Kolumb özü də bilmədən Amerikanı kəşf etdi...


Avropada həmişə Şərqlə, xüsusilə də Hindistanla maraqlanırdılar. Hindistanın qızılı və ədviyyatı, xalça və bəzək əşyaları varlanmaq istəyən avropalıları cəlb edirdi. O dövrdə Avropadan Hindistana gedən quru yolunu qüdrətli Osmanlı imperiyası tutmuşdu. Odur ki avropalılar bu möcüzəli diyara çatmaq üçün dəniz yolu axtarırdılar.


1485-ci ildə İspaniyaya köçmüş 34 yaşlı Kolumb artıq geniş coğrafi biliklərə yiyələnmiş və dənizçilik işində böyük təcrübə toplamışdı. O, hesablamalar apararaq bu qərara gəlmişdi ki, Avropadan qərbə doğru üzməklə Atlantik okeanından keçib Hindistana çatmaq olar. Niyə də olmasın? Axı o zaman artıq hamıya məlum idi ki, Yer kürə şəklindədir. Lakin bu kürənin ölçüləri barədə heç kimin dəqiq təsəvvürü yox idi.
Belə bir ekspedisiyanı təşkil etmək üçün böyük vəsait lazım idi. Ona görə də Kolumb əvvəlcə yardım üçün doğma Genuyanın tacirlərinə müraciət etdi. Lakin tacirlər ona inanmadılar. Ölçüsü bilinməyən bir okeanı üzüb keçmək ideyası hamıya ağılsızlıq və dəlisovluq kimi görünürdü. Daha sonra Kolumb Portuqaliya kralını Hindistan zənginlikləri ilə şirnikləndirmək istədi. Kral da bu ideyaya etinasız yanaşdı. Lakin Kolumb inadından dönmürdü. Nəhayət, onun inandırmaq bacarığı öz işini gördü. İspaniya kraliçası İzabella qartalburunlu, mavigözlü dənizçinin bu riskli ideyasına “hə” dedi. Onun yardımı ilə Kolumb ekspedisiya təşkil etməyə müvəffəq oldu.


1492-ci il avqust ayının 3-də Xristofor Kolumb üç ədəd yelkənli gəmi və böyük heyətlə uzaq səfərə çıxdı. Səfərdə onu 90 nəfər dənizçi müşayiət edirdi.


Passat küləyi bir qaydada əsir, gəmilər okeanın sakit sularında sürətlə üzürdü. Gəmidə cəmi bir dənə kayut vardı; orada kapitan qalırdı, qalanlar isə göyərtədə yatırdılar. Matroslar mahnı oxuya-oxuya növbəni dəyişirdilər:


Şüşə qabda qum qurtarar,
Növbə vaxtı başa çatar.
Uzaq yolu keçərik biz,
Tanrı olar köməyimiz.


Günlər ötür, ətrafda isə Atlantik okeanının ucsuz-bucaqsız sularından başqa heç nə görünmürdü. Amma hündür boylu, möhkəm bədənli, cəsur kapitan ruhdan düşmürdü. O, göyərtədə dayanıb saatlarla irəliyə baxırdı. Matroslar arasında narahatlıq getdikcə artırdı. Lakin Kolumb onların dilini yaxşı bilirdi. Bəzilərinə çoxlu qızıl vəd edir, bəzilərini isə hədələyirdi. Nəhayət, söz verdi ki, əgər üç gündən sonra torpaq görünməsə, geri qayıdacaqlar.


İki gün arxada qaldı. Artıq 70 gün idi ki, okeanda üzürdülər. Gecədən xeyli keçmiş Kolumb öz kayutunda oturub düşünürdü. Onun hesablamalarına görə, artıq Hindistana çatmalı idilər. Belə çıxır ki, o, hesablamalarında yanılmışdı. Nə etməli? Sabah matroslara nə deyəcək? Yox! Əliboş geri qayıtmaq olmaz. Kraliçanın etibarını itirməkdənsə, ölmək yaxşıdır.


Birdən növbətçi matrosun qışqırığı eşidildi: “Torpaq! Torpaq görürəm!” Bu, Kolumbun sonradan San Salvador adlandırdığı Quanaxani adası idi. Bu yerlər bir çox səyahətçilərin təsvir etdiyi Hindistanı xatırlatmırdı. Lakin Kolumbu və onun matroslarını indi yalnız bir şey maraqlandırırdı: okean sularının əsarətindən azad olmaq, quruya ayaq basmaq.


Bu səfər zamanı Kolumb Kubanı və gözəl Haiti adasını da kəşf etdi. Burada avropalılar ilk dəfə qarğıdalı, kartof, tütün gördülər. Onları hər yerdə qırmızıdərili, ucaboy, gülərüz insanlar qarşılayırdılar. İspanlar bu adamları hindular adlandırdılar, çünki Kolumb Hindistana gəlib çıxdığını zənn edirdi.


Beləliklə, Amerika kəşf edildi. Bu kəşfdən sonra Amerika torpaqlarının müstəmləkəyə çevrilməsi başlandı. Qızıla hərislik avropalıların gözünü tutmuşdu. Onlar burada tapdıqları qızılla kifayətlənmir, hinduları əsir götürərək İspaniyaya aparıb qul kimi satırdılar.


Kolumb Amerikaya daha üç səfər təşkil etdi və ömrünün sonuna qədər də yeni qitə kəşf etdiyini başa düşmədi.