Görkəmli şəxsiyyətlər

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ Amin Bünyatov

AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.
 
 
Növbəti həmsöhbətimiz Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin şagirdi, klarnet ifaçısı, beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və laureatı Amin Bünyatovdur.
 
 
Aminin 17 yaşı var. O, klarnetdə ifa etməzdən əvvəl beş il qarmon sinfində oxuyub. Amin musiqi məktəbini tərk etmək istəməyib və yeni alət seçərək, təhsilini davam etdirib.
 
 
Amin 14-15 yaşından etibarən beynəlxalq müsabiqələrdə də iştirak etməyə başlayıb. İstedadlı klarnet ifaçısı dəfələrlə mükafat qazanıb.
 
 
“Ən çox İtaliyada və İngiltərədə keçirilən müsabiqələri xatırlayıram", - deyə Amin təəssüratlarını bölüşür. - İngiltərədə Astor Pyazzollanın "Oblivion" tanqosunu ifa etdim və qalib gəldim”.
 
 
Amin musiqi məktəbindəki dərslərlə yanaşı, orta məktəbdə aldığı təhsildə də uğurludur. O, ingilis dilini öyrənir. Bundan əlavə, yeniyetmə futbolla da məşğul olur.
 
 
Gənc musiqiçi deyir: “Evdə gündə 2-3 saat musiqi ilə məşğul oluram. Bütün bunlarla ayaqlaşmaq üçün vaxtımı düzgün planlaşdırmağa çalışıram, dərs üçün əlavə imkanlar axtarıram”.
 
 
Ümumtəhsil məktəbində Aminin fəaliyyətinə anlayışla yanaşılır, müəllimlər və sinif yoldaşları onu dəstəkləyir və müsabiqələrdə qazandığı mükafatlara sevinirlər.
 
 
Amin qeyd edir: “Müsabiqələrdə çox mehriban ab-hava olur. Uşaqlar bir-biri ilə ünsiyyət qururlar”.
 
 
Klarnet ifaçısının sözlərinə görə, gələcəkdə özünü musiqiçi kimi görür və simfonik orkestrdə ifa etmək istəyir. O, ölkəsini təmsil etmək üçün beynəlxalq yarışlarda iştiraka davam etməyi planlaşdırdığını söyləyir.
 
 
Aminin pedaqoqu, Tofiq Quliyev adına 12 nömrəli uşaq musiqi məktəbinin klarnet ixtisası üzrə müəllimi Elçin Güləliyev şagirdi haqqında danışır. O, şagirdinin musiqiçi ailəsində dünyaya gəlməsindən bəhs edir, oğlanın atası qarmon ifaçısıdır.
 
 
Elçin müəllim qeyd edir: “Amin 1-ci sinfə gələndə, hər şagird kimi çətinlikləri oldu. Nəfəs alətləri başqa alətlərə nisbətən daha çətindir. Çunki burada düzgün nəfəs alıb-vermək, barmaqların notlara düzgün qoyuluşu lazımdır. Sonradan məşğələlərin sayını artıraraq, məqsədimizə doğru irəlilədik”.
 
 
Müəllimin sözlərinə görə, 2-ci sinifdən sonra hər şey yoluna düşürdü və onlar ilk addımlarını məktəbin bayram konsertlərindən başladılar. O əlavə edir: “Şagirdlər müxtəlif xasiyyətə malik olurlar, onların arasında fərqli düşüncəli insanlar olur. Xüsusən, ilk siniflərdə hətta klarnet ifasının çətinliyi səbəbindən məktəbdən çıxmaq istəyənlər də olub. Amma onlarla söhbət aparırıq və fikirlərindən daşınırlar. Müəllim hər bir şagirdin xasiyyətini ondan əvvəl bilir və buna uyğun da rəftar edir”.
 
 
Müəllim vurğulayır ki, Amin dərslərinə ciddi yanaşan və məktəbdən qalmayan şagirdlərdən biridir. O, müsabiqələrdə “sözünü deyə bilir”.
 
 
“Müsabiqələr şagirdlərə çox şey verir, - deyə Elçin müəllim qeyd edir. Onlarda özünə inam hissi yaradır. Nəticədə, şagirdin öz sənətinə sevgisi artır və öz üzərində daha çox işləməyə başlayır. Müsabiqə bir rəqabət deməkdir”.
 
 
Söhbətdə Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru, Azərbaycanın Əməkdar müəllimi Gülnarə Səfərova da iştirak edir. Gülnarə xanım da müsabiqələrin şagirdlərin həyatında əhəmiyyətini vurğulayır. O deyir: “Müsabiqə zamanı uşaqlar yarışmağa başlayır, öyrənir, digər uşaqları görür, əgər müsabiqə beynəlxalq səviyyədədirsə, yeni ölkələrlə tanış olur. Şagirdi müsabiqəyə hazırlayarkən ona deyirik ki, Azərbaycanı təmsil edəcək. Burada artıq vətənpərvərlik inkişaf edir, Vətənə sevgi hissi aşılanır. Bu fakt uşağı daha çox məşğul olmağa stimullaşdırır və möhtəşəm nəticələr verir!”
 
 
Gülnarə xanım gənc musiqiçinin təhsil aldığı zaman artıq peşəkar səhnəyə – istər müsabiqə, istər festival, istərsə də konsertə çıxmasının nə qədər vacib olduğu haqqında danışır.
 
 
Direktor vurğulayır: “Mən həmişə bütün bu tədbirlərin vacibliyini vurğulayıram, bunlar musiqi məktəbini bitirən uşağın artıq peşəkar olmağa hazır olması üçün lazımdır. Məktəb tərəfdən biz həmişə uşaqlara səhnəyə çıxmaq imkanı veririk, bizdə yaradıcılıq işləri tam sürətlə gedir. Məktəbdə bütün planlı tematik konsertlər təşkil olunur. Biz hər il yekun konsertlər təşkil edirik - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Filarmoniyada çıxış edirik, burada uşaqlar peşəkar musiqiçilərlə - dirijorlar Azərbaycanın Xalq artistləri Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov, habelə Mustafa Mehmandarovla ünsiyyətdə olurlar. Bu il dirijor Fuad İbrahimovun rəhbərliyi ilə simfonik orkestrlə konsert keçirməyi planlaşdırırıq”.
 
 
Nəfəs alətləri ifaçıları haqqında danışan Gülnarə xanım ölkəmizdə onlara nə qədər tələbat olduğunu qeyd edir: “Bu gün nəfəs alətləri məsələsi olduqca aktualdır: söhbət təkcə klarnetdən getmir, trombon, tuba da tələb olunur, bunlar hər hansı bir simfonik orkestrdə olduqca zəruri olan bütün nəfəs alətləridir. Bilavasitə Amin haqqında danışırıqsa, bu gənc hazırda böyük məmnuniyyətlə klarnetdə ifa etməyi öyrənir və çox gözəl nailiyyətlər əldə edir. O, bir neçə beynəlxalq müsabiqədə qalib gəlib, dəfələrlə 1-ci yeri tutub. Bütün konsertlərimizdə maraqlı, mürəkkəb əsərlər ifa edir. Biz ona böyük ümidlər bəsləyir, peşəkar musiqiçi olmaq arzusuna çox sevinirik! Ölkəmizə daha bir peşəkar musiqiçi bəxş etsək, xoşbəxt olaram”.
 
Gülnarə xanım musiqinin insan həyatındakı əhəmiyyətini vurğulayır və musiqi məktəblərinin sənət ocağı olduğunu qeyd edir.
 
 
“Biz çox xoşbəxtik ki, dövlətimiz ölkənin büdcəsi sayəsində işləyə biləcəyimiz musiqi təhsili sistemini qoruyub saxlayıb. Bu gün uşaqlarımız ödənişsiz əsaslarda keyfiyyətli musiqi təhsili ala bilirlər”, - deyə direktor bildirir.