Şeirlər

Rafiq Yusifoğlu. "Dünyamızı bəzəyək"

Qupquru səhraların 
Gözlərinə ağ salaq. 
Qolumuzu çırmayıb 
Ağac əkək, bağ salaq. 

 

Boz çöllər meyvəli bağ, 
Səhralar meşə olsun. 
Dünyamızın bəzəyi 
Nərgiz, bənövşə olsun. 

 

Yurdumun torpağına, 
Daşına sığal çəkək. 
Körpəcə fidanların 
Başına sığal çəkək

 
Ətirli çəmənlərdən 
Arılar bal daşısın. 
Mehriban dünyamızda 
Hamı xoşbəxt yaşasın. 

 

Yamaclara, düzlərə 
Yağış xalı toxusun. 
Çiçəkli budaqlarda 
Quşlar nəğmə oxusun.