Xəbərlər

Təhsil Nazirliyi: Yay məktəbinə qeydiyyat başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində yay məktəbinə qeydiyyat prosesinə start verilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəblərində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) iyunun 8-dən ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər.

 

Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

 

Qeyd edək ki, yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. Yay məktəbi iyunun 16-dan 30-dək davam edəcək.