Görkəmli şəxsiyyətlər

Okeanların fatehi Jak-İv Kusto

Sualtı aləm hər zaman insanları cəlb edib. Bu aləmlə maraqlanan tədqiqatçılar daim suyun dərin qatlarına nüfuz edib dəryanın dibini görməyə çalışıblar. Bəs  hansı ixtiralar insanın suyun altında nəfəs almasına kömək edib? İnsanlar okeanın dibində nə aşkar ediblər?
 
İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər.  Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib  onun  içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür  suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür  materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın  suyun dibinə müstəqil enməsinə imkan verməyib. 
 
1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və  mühəndis Emil Qanyan “sualtı ağ ciyər” – akvalanq  ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir. İçərisinə sıxılmış hava doldurulan üç balon dalğıcın kürəyinə keçirilir. Oksigen xüsusi şlanq vasitəsilə dalğıcın ağzındakı müştüyə dolur. Nəticədə insan suyun altında rahat nəfəs alır və hərəkət edir. Sukeçirməyən maska yaxşı görməyə imkan  verir, dalğıcın gözlərini və burnunu qoruyur. Rahat kürəklər isə dalğıcın suyun dərinliklərində  balıq kimi üzməsinə şərait yaradır. 
 
Jak-İv Kusto və onun komandası bu ixtiranı əvvəlcə öz üzərlərində sınaqda keçirib. Onlar həyatlarını riskə ataraq akvalanqın bütün qüsurlarını aradan qaldırıblar. Sualtı təhlükəsizliyi təmin etmək barədə düşünən ixtiraçılar oksigen verilməsi üçün avtomatik  tənzimləyici yaradıblar. 
 
Akvalanqın kəşfi sualtı səltənətin qapılarını insanların üzünə taybatay açdı.  Jak-İv Kusto  və onun ardıcılları planetimizin müxtəlif guşələrində okeanların və dənizlərin dərinliklərinə baş vururlar. Dalğıclar okeanda gördüklərini dünyaya nümayiş etdirirlər.  Buna görə də sualtı foto və videoçəkilişlər inkişaf etməyə başlayır.  Sualtı aləmin gözəlliyi insanı valeh edir. Dalğıclar  suya qərq olan gəmiləri, fantastik mərcan  riflərini, dəniz sakinlərinin həyatını, suyun dibində yerləşən mağaraların şəklini çəkirlər. Kusto komandasının  aşkar etdiyi qədim yunan amforaları və antik mərmər sütunlar hazırda əsl muzey dəyərlərinə çevrilib.  
 
Dalğıclar suyun zəif qızdığı dərin qatlarda tez donduqları üçün Jak-İv Kusto xüsusi hidrokostyum yaradıb. Bu kostyum soyuq suya dalma zamanı istiliyi daha yaxşı saxlayır. Nazik ara qat ilə təchiz edilən rezinləşdirilmiş xüsusi geyim dalğıcın nəfəsi ilə dolur. Kostyumun çox şişməməsi üçün ixtiraçı artıq havanı  çıxaran  xüsusi klapanlar düzəldib. Yeni model Qrenlandiya  buzlaqlarında uğurla sınaqdan keçirilib. 
 
Bu maraqlıdır: Qurudakı  təzyiq hiss olunmur.   Axı, biz yalnız havanın təzyiqinə məruz qalırıq. Dənizə baş vuranda isə su sütunun təzyiqini hiss edirik. Suyun  təzyiqi 10 metr dərinlikdə  iki dəfə, 20 metr dərinlikdə 3 dəfə  artır və bu ardıcıllıqla davam edir. Suyun səthindən 9 min metr dərinlikdə hər kvadratsantimetrə  düşən  suyun təzyiqi təqribən bir tona çatır.