Görkəmli şəxsiyyətlər

Sergey Prokofyev (1891-1953)

Peterburq Konservatoriyasında qəbul imtahanı öz axarı ilə gedirdi. Bu il imtahanı məşhur bəstəkar Nikolay Andreyeviç Rimski-Korsakov götürürdü. Birdən auditoriyaya qəribə abituriyent daxil oldu. Üzdən ona 12 yaş vermək olardı. O, qucağındakı içi dolu iki qovluğun ağırlığına sözün həqiqi mənasında çətinliklə davam gətirirdi.
 
Məlum oldu ki, qovluqlarda dörd operanın, iki sonatanın, bir simfoniyanın və bir neçə fortepiano pyesinin partituraları var və müəllif də bu arıq oğlandır. Rimski-Korsakov gülümsünərək “Bu, mənim xoşuma gəlir!” deyir, gənc musiqiçinin ifasını dinlədikdən sonra onu konservatoriyaya qəbul edir. 1909-cu ildə bəstəkarlıq fakültəsini əla qiymətlərlə bitirən Sergey Sergeyeviç Prokofyev təhsilini dirijorluq və fortepiano sinifləri üzrə davam etdirir. Bəstəkarın ilk əsərləri – fortepiano üçün 1 və 2 nömrəli konsertləri, İkinci və Üçüncü sonataları öz qeyri-adiliyi ilə bütün musiqi aləmini silkələyir. Tənqidçilər Prokofyevə qəzəbli hücumlar edərək, onu musiqisi ilə “adamın kəlləsini döyəcləyən futbol bəstəkarı” adlandırırlar. 
 
Başa düşülməməsi Sergey Sergeyeviçi çox incidirdi. Həmin dövrdə yazdığı daha bir qəribə əsər – Hans Xristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səs və fortepiano üçün poema onun qəlbini təlatümə gətirən hiss və duyğuları parlaq əks etdirirdi. Poemanı dinləyən Maksim Qorki demişdi: ”O, bu poemanı özü üçün yazıb”. 
 
1914-ci aprelində S.Prokofyev konservatoriyanın beş ən yaxşı tələbəsi sırasında buraxılış müsabiqəsində iştirak etməli idi. Kurs yoldaşları klassik bəstəkarların əsərlərini seçmişdilər və yalnız S.Prokofyev müəllimlərinin məsləhətlərinə baxmayaraq, özünün fortepiano üçün 1 nömrəli Konsertini ifa etməyi qərara almışdı. O, məharətlə çaldı, amma komissiya üzvlərinin fikirləri haçalandı: onun təqdim etdiyi musiqi çox fərqli və qeyri-adi musiqi idi.
 
Buna baxmayaraq, Prokofyevin istedadlı olduğunu hamı etiraf etdi. Buna görə də o, Anton Rubinşteyn adına mükafata layiq görüldü. O vaxtdan bəstəkarın həyatı aramsız yaradıcılıq axtarışlarda və prinsiplərini müdafiə etməklə keçdi. Bütün dahi insanlar kimi, o da öz dövrünü qabaqlayırdı. Məsələn, Fyodor Dostoyevskinin “Qumarbaz” romanı əsasında yazdığı eyniadlı opera bəstəkarın ölümündən on il sonra səhnələşdirildi. 
 
1917-ci il inqilabına qədər S.Prokofyev artıq səs-küyə səbəb olmuş bir neçə əsərin, o cümlədən fortepiano üçün Üçüncü və Dördüncü sonataların, skripka ilə orkestr üçün 1 nömrəli Konsertin, Haydn musiqisinin təsiri altında yazdığı klassik simfoniyanın və fortepiano üçün çoxsaylı miniatürlərin müəllifi idi.
 
1918-ci ilin mayında S.Prokofyev xarici ölkələrə qastrol səfərinə çıxdı, amma ağlına da gətirmədi ki, vətəndən uzun illər ayrı düşəcək. Bəstəkar teatr üçün işləməyə başladı, onun “Üç portağala məhəbbət” adlı şən operası Çikaqoda oynanıldı. Xaricdə uğur qazanmasına baxmayaraq, Rusiya üçün çox darıxırdı. Bəstəkar deyirdi: “Mən ana yurduma dönməliyəm, qulaqlarımda doğma sözlər səslənməlidir, canımdan və qanımdan olan insanlarla danışmalıyam ki, burada çatmayanları – öz nəğmələrini və mənim nəğmələrimi mənə qaytarsınlar. Burada mən gücümü itirirəm”.
 
Bəstəkar 30-cu illərin əvvəllərində vətənə qayıtdı. Artıq 1935-ci ildə “Romeo və Cülyetta” baletini Böyük Teatrın artistlərinin, dirijorlarının və quruluşçu rejissorlarının mühakiməsinə verdi. Bu musiqi “o qədər balet musiqisinə bənzəmirdi” ki, onu səhnəyə qoymağa heç kəs cəsarət etmədi. S.Prokofyev rədd cavablarına alışmışdı, amma zamanın onun lehinə işlədiyini bilirdi. Həqiqətən də, “Romeo və Cülyetta” 1940-cı ildə Leninqrad Opera və Balet Teatrında səhnəyə qoyuldu. O vaxtdan “Romeo və Cülyetta” və sonralar yazdığı “Zoluşka” baletləri dünyanın bir çox teatrlarında uğurla oynanılır. 
 
S.Prokofyev böyük həvəslə uşaqlar üçün musiqi bəstələyirdi. Mərkəzi Uşaq Teatrının təklifi ilə “Petya və qurd” adlı cəmi 20 dəqiqəlik nağıl yaratmışdı. Bu nağıl balaca dinləyiciləri simfonik orkestrin əsas musiqi alətləri ilə tanış edirdi. Sergey Prokofyev yeddi simfoniyanın, səkkiz operanın, yeddi baletin, çoxsaylı instrumental pyeslərin, konsert və oratoriyaların müəllifidir. Onun “Aleksandr Nevski” filminə yazdığı musiqi çox populyar olub.