Afişa

“Tıq-tıq və Taq-taqın nağılı” tamaşası yenidən səhnədə

AZƏRTAC xəbər verir ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.


Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıqtıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunun da dəyişməsinə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.