Təbiət

Göy qurşağı necə yaranır?

Göy qurşağı – Günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması nəticəsində atmosferdə yaranan optik və meteoroloji hadisədir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi əsas rənglərdən ibarətdir.
 
Günəş şüası prizma rolu oynayan su damcılarının içindən keçdikdə bu rənglər yaranır. Suyun işığı sındırması nəticəsində isə rənglər dəyişir.
 
Göy qurşağının rəngləri işıq şüalarının kürə formasında olan su damcılarının içində sınaraq bir neçə daxili yansımadan sonra istiqamətini dəyişməsi və damcının içindən fərqli istiqamətdə çıxması ilə meydana gəlir.
 
Günəşdən gələn ağ işıq fərqli dalğa uzunluqlarında bir çox rəngdən ibarət olduğuna görə damcının içinə girdikdən sonra daxili yansıma ilə damcının içindən çıxdıqda 40,5º-42º arasında dəyişən rənglərə ayrılır.
 
Qövs və ya çevrə şəklində olan göy qurşağının ən aşağı pilləsində bənövşəyi, ən yuxarı pilləsində isə qırmızı olmaqla rənglər sıralanır.
 
Göy qurşağını səmada hava eyni zamanda yağışlı və günəşli olduqda görmək mümkündür. 
Bəs siz göy qurşağının rənglərini əzbərə bilirsinizmi? Bizdən sizə kiçicik bir sirr. 
QARI NƏNƏ SƏKSƏN YAŞINDA MÜCRÜ GƏZDİRİR BAŞINDA

Qarı- qırmızı, Nənə-narıncı, Səksən-sarı, Yaşında-yaşıl, Mücrü-mavi, Gəzdirir-göy, Başında-bənövşəyi