Xəbərlər

Latviyada bayquşlara həsr olunmuş portal yaradılıb

Riqa, 24 fevral, AZƏRTAC
 
Latviya Bayquşların Öyrənilməsi Cəmiyyəti internetdə bu quşlara həsr edilmiş “Latvijaspuces.lv” səhifəsi açıb. 2013-cü ildə yaradılan cəmiyyətdə bir neçə fəal birləşib. Onların məqsədi – Latviyada bayquşların öyrənilməsinə və mühafizəsinə kömək etmək, habelə bu sahədə xarici mütəxəssislərlə əməkdaşlıq etməkdir. Cəmiyyət ölkə sakinlərini Latviyada bayquşların mühafizəsinin əhəmiyyəti barədə də məlumatlandırır.
 
Portalda Latviyada rast gəlinən bayquşlar haqqında məlumat toplanıb, habelə bayquş yuvalarının necə hazırlanması barədə tövsiyələr yerləşdirilib. Bundan əlavə, cəmiyyətin üzvləri bayquşlar haqqında maarifləndirici tədbirlər keçirirlər.
Bu günədək Latviyada 13 bayquş növü qeydə alınıb, onlardan altısı müntəzəm olaraq burada yuva salır.
 
Cəmiyyətin fəaliyyətini maliyyə cəhətdən də dəstəkləmək olar. İanə edilmiş vəsait hesabına, o cümlədən nəsil artırmaq üçün bayquş yuvaları hazırlanır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri