Təbiət

Ən parlaq və isti ulduz: Günəş

Günəş olmasaydı planetimizdə həyat olmaz, Günəş sistemi isə zülmətə və buzlaqlara qərq olardı. Günəş Yer kürəsinə ən yaxın ulduz olduğundan biz onun istiliyini və işığını yaxşı hiss edirik. Fotosfera günəşin görünən və üzdə olan səthidir. Fotosferanın temperaturu 6000 selsi dərəcə təşkil edir.

 

Yer kürəsinin Günəşdən 150 milyon kilometr uzaqda yerləşməsinə baxmayaraq, onun istiliyi və enerjisi planetimizdəki bütün canlıları yandıra bilər. Amma Yer kürəsinin ətrafındakı atmosfer adlanan hava təbəqəsi günəş şüalarının təsirini xeyli zəiflədir.

 

Niyə Günəş bu qədər istidir? Onun ətrafında olduqca qaynar hidrogen təbəqəsi var. Daimi nüvə reaksiyaları səbəbindən hidrogen heliuma, o isə öz növbəsində karbona çevrilir. Nəticədə yüksək istilik yaranır.

 

Bəzən Günəşin səthində naməlum səbəbdən ləkələr yaranır, Günəşin təkindən isə od fontanları püskürür. Bu proseslər Yerə də öz təsirini göstərir: maqnit fırtınası yaranır, bu zaman radiodalğalar kəsilir, hava pisləşir, insanların əhvalı pozulur. Buna görə də alimlər xüsusi Günəş teleskopları ilə daim Günəşi nəzarətdə saxlayır və oradakı dəyişikliklər və maqnit fırtınaları barədə bizə məlumat verirlər.

 

Günəşin ölçüləri o qədər böyükdür ki, əgər onu balqabağa bənzətsək Yer kürəsi onun yanında noxud dənəciyinə oxşayacaq. Bəlkə kainatın harasındasa daha parlaq və isti ulduzlar var. Bizim gördüyümüz ən parlaq isti ulduz isə günəşdir.