Bu maraqlıdır!

Maqnit sahəsi Yer kürəsini kosmosun zərərli təsirindən qoruyur

Yerin maqnit qütbü – maqnit qüvvəsinin təsiri ilə bizim planeti əhatə edən sahədir. Bu sahənin yaranması alimlər arasında hələ də mübahisə mövzusu olsa da, tədqiqatçıların əksəriyyətinin fikrincə, maqnit sahəsini yer kürəsinin nüvəsi yaradır. Onlar iddia edirlər ki, Yerin öz oxu ətrafında fırlanması maye şəkilli nüvənin axmasına səbəb olur. Bu zaman yüklü elektrik hissələrinin yerdəyişməsi baş verir və onların ətrafında maqnit sahəsi yaranır.
 
Maqnit sahəsinin şimal qütbü cənub yarımkürəsində, cənub qütbü isə şimal yarımkürəsində yerləşir. Maqnit sahəsi insanları və süni peykləri kosmik hissəciklərin məhvedici təsirindən qoruyur. Buna günəş küləyinin ionlaşmış (yüklənmiş) hissəciklərini misal göstərmək olar. Maqnit sahəsi onların istiqamətini dəyişərək yer kürəsini ölümcül şüalanmadan xilas edir.
 
Müşahidələr zamanı o da müəyyən olunub ki, qütblər daim öz yerini dəyişir. Alimlərin tədqiqatları 160 milyon il ərzində şimal və cənub maqnit qütblərinin yerlərini 100 dəfə dəyişdiyini aşkara çıxarıb. Son yerdəyişmənin təxminən 720 min il bundan qabaq baş verdiyi güman edilir.
 
Qütblərin yerdəyişməsi maqnit sahəsinin quruluşunda dəyişikliklərlə müşayiət olunur. “Keçid dövrü” zamanı Yer kürəsi, canlı orqanizmlər kosmik hissəciklərin zərərli təsirinə daha çox məruz qalır. Fərziyyələrdən birinə görə, dinozavrların məhvinə də qütb yerdəyişməsi prosesində Yer kürəsinə daxil olan hissəciklər səbəb olub.
 
Maqnit sahəsinin gözlə görünməməsinə baxmayaraq bəzi canlılar onları hiss edə bilirlər. Köçəri quşlar onunla istiqaməti müəyyənləşdirərək öz yollarını tapırlar. 
Yerin maqnit sahəsi qoruyucu qalxan rolunu oynayır. Əgər belə olmasaydı olmasaydı yer kürəsində həyat tamam başqa şəkil alardı.